“Dünən Lider televiziyasının yayımı faktiki olaraq dayandırıldı. Onlara verilən tezlik də geri alındı. Bununla da, uzun illərdir Azərbaycan teleməkanında özünəməxsus yeri olan bir kanalın fəaliyyətinə son qoyuldu. Ümumən qiymətləndirəndə bu bağlanmanı bir neçə aptekdən dəyərləndirmək olar. Bir jurnalist kimi, media məkanının oyunçusunun sıradan çıxması kimi, eyni zamanda buna bir sosial məsələ kimi də baxmaq lazımdır. Bilirsiniz, Lider kanalı böyük bir televiziya idi, orada yüzlərlə insan işləyirdi və artıq 20 ilə yaxın idi ki, orada çalışırdılar. Ailə qurulmuşdu, bir mehribançılıq var idi. Hər halda bir kollektiv formalaşmışdı və o yüzlərlə insan işsiz qaldı. Bu ağır vəziyyətdə, pandemiya dönəmində sosial baxımdan da çox böyük bir problemdir”.
Bu sözləri Bizim.Media-ya Ağ Partiyanın lideri Tural Abbaslı söyləyib.
MÖVZU İLƏ BAĞLI:
“Lider TV"nin əmlakını bu şəxs satacaq – SƏBƏB
Bir müddət əvvəl partiya sədrinin televiziyanın mühafizə xidməti ilə mübahisə yaşamasına baxmayaraq, Tural Abbaslı telekanalın bağlanmasına təəsüfləndiyini bildirib.
Qeyd edib ki, bu tezlik hansısa bir kanala satılacaqsa, veriləcəksə, həmin kanala öhdəlik kimi qoyula bilər ki, ən azından Lider televiziyasının əməkdaşlarının, texniki işçilərinin ora cəlb olunması təmin olunsun:
“Eyni zamanda, digər televiziyalar da bu məsələdə həmrəylik göstərib işsiz qalan həmkarlarını öz kanallarına dəvət etməlidirlər”.
Tural Abbaslı bildirib ki, bir müxalifətçi kimi analiz etdikdə düşünürəm, Lider kanalı heç vaxt obyektiv mövqe tutmayıb:
“Bu gün rəy sorğusu keçirtsəniz, cəmiyyətin böyük əksəriyyəti Lider televiziyasının bağlanmasına bəlkə də sevindi. Amma ANS kanalı bağlanarkən ictimai ajiotaj var idi”.
Anar Rəhimov, Bizim.Media