Yanvarın 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.
Bu barədə Bizim.Media-ya QMİ-dən məlumat verilib.
Toplantıda çıxış edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar hadisələrini Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü, XX əsr tariximizə xeyirlə-şərin, ədalətlə zülmün, işıqla zülmətin, azadlıqla əsarətin əbədi mübarizəsinin misilsiz nümunəsi olaraq düşən rəmzi hadisə kimi dəyərləndirib.
Qeyd edib ki, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Şeyxülislam təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının yeganə ümid yeri olan Qafqaz Müsəlmanları İdarəsinin hadisələrin ilk dəqiqəsindən qərargaha çevrilməsi, var-qüvvəsi ilə imperiya siyasətinin riyakarlığına meydan oxuması, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etməsindən faktlarla bəhs edib. Şeyxülislam Allahşükür Paşazadə Ulu Öndər Heydər Əliyevin həmin faciə zamanı xalqımıza dəstəyini xüsusi vurğulayıb.
Allahşükür Paşazadə erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidlərini 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçıları adlandırıb: “1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyü təhdidlərinə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı”.
Şeyxülislam din xadimlərinə, qazilərə, səlahiyyətli nümayəndələrə Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü - 20 Yanvar hadisələrinin anım dövründə faciə qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dini mərasimlər təşkil etmələrini tövsiyə edib.
Qalib dövlətimizin azad olunmuş torpaqlarımızda misilsiz bərpa-yenidənqurma işləri həyata keçirməsini, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını, yeni həyat verilmiş məscidlərimizdən Azan səsləri ucalmasını, imamlarımızın öz vəzifələrinin başında olmasını fəxarətlə vurğulayan QMİ sədri erməni kilsəsinin revanşizm istiqmətində destruktiv əməllərindən danışıb.
Tədbirdə iştirak edən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində yeri və rolu barədə fikirlərini bölüşüblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:51 / 19.01.2025
QMİ sədri: “20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür” - FOTO
Hazırda oxunan: QMİ sədri: “20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür” - FOTO
Hazırda oxunan: QMİ sədri: “20 Yanvar Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günüdür” - FOTO
230657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.