Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.
Bizim.Media "Qafqazinfo”-ya istinadla xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiq edilib.
Baş tutmuş səsvermənin nəticələrinə əsasən, növbəti 4 il müddətinə Zaur Əliyev Azərbaycan Üzgüçülük Federasiyasının yeni prezidenti, Xaliq İldırımzadə, Dəyanət Sədullayev və Ümid Abuzərli vitse-prezidentlər, Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Qurumun sabiq prezidenti Xanlar Fətiyev yeni federasiya prezidentinə və üzvlərinə uğurlar arzulayıb.
Xatırladaq ki, Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədridir.
Bizim.Media