Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də mutasiyaya uğramış ştammların yenidən alovlanması səbəb olub.
Bir sözlə respirator virusların yayıldığı bir dövrdür. Buna görə də xəstəylə xüsusi qoruyucu vasitələr olmadan təmas etmək onların sağlamlığına birbaşa təhlükədir. Üstəlik immunitetlərinin zəiflədiyi bir vaxtda istənilən infeksiyanı qapmaqda həssasdırlar.
Belə bir vəziyyətdə ilk qaydanı elə tibb müəssisələri pozur.
MÖVZU İLƏ BAĞLI:
Yeni yayılan virusdan qorunmaq üçün hansı peyvənd EFFEKTLİDİR? – ARAŞDIRMA
Müşahidələr göstərir ki, xəstəxanaların demək olar ki, hamısında xəstə yanına doğmaları tibbi maskasız buraxılır. Gələnlər çox rahat şəkildə maskasız içəri daxil olub, xəstə ilə xeyli vaxt təmas edə bilirlər. Xəstə yanına buraxılanların hansı xəstəlik və ya virus daşıyıcısı olması belə yoxlanılmır. Bu isə onsuz da səhhətində problem olan xəstənin sağlamlıqlarını təhlükə altına almış olur.
Bəs, rəsmi qurumlar heç olmasa, virusların tüğyan etdiyi bir dövrdə bu məsələni niyə nəzərə almır, yaxud sadəcə xəstə yaxınlarına xəstəxanaya daxil olduqda maska taxmaqla bağlı təlimat verilmir?
Məsələylə bağlı TƏBİB-ə sorğu ünvanladıq.
Qurumdan Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsi tərəfindən hər il respirator xəstəliklərin artdığı mövsümlərdə tibb müəssisələrinə bu və ya digər əksepidemik tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıq verilir:
“Hər bir tibb müəssisəsində infeksion nəzarət komitələri fəaliyyət göstərir ki, bu komitələr tərəfindən yerli epidemioloji vəziyyət, müəssisə daxilində infeksiya riski qiymətləndirilir. Buna uyğun olaraq, TƏBİB-in aidiyyəti şöbəsi tərəfindən tibb müəssisələrinə göndərilən müvafiq təlimatlar əsasında bu və ya digər infeksion nəzarət tədbirləri həyata keçirilir”.
Məlumatda qeyd olunub ki, infeksiyaya yoluxma riski yüksək olan şöbələrə xəstə yaxınlarının girişi məhdudlaşdırılır və ya müvafiq fərdi qoruyucu vasitələrin istifadəsinə ciddi riayət olunur.
“Məsələ ilə bağlı daha dəqiq müraciətlər tərəfimizdən araşdırıla bilər”, - deyə TƏBİB-dən bildirilib.
Nəzrin Mirzəyeva, Bizim.Media