Sosial şəbəkələrdə yayılmış bir video geniş müzakirələrə yol açıb. Videoda bir qadın iddia edir ki, insan dünyasını dəyişdikdən bir müddət sonrayadək ətrafında baş verənləri duyur, dərk edir, amma hər hansı bir reaksiya verə bilmir.
Bu iddia nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, insan ölən kimi cəsədlə ruh arasında rabitə kəsilir:
“Ruhun isə dərhal ilahi dərgaha aparılıb aparılmaması dəqiq məlum deyil. Bəziləri bildirir ki, ruh meyitin yanında olur, hətta qəbrin içinə qədər düşür, oxunan duaları dinləyir və s. Peyğəmbər buyurur ki, qəbir kafirlər üçün cəhənnəmdən bir çuxur, möminlər üçün də cənnətdən bir bağçadır.
Tutaq ki, kafir olan biri cəhənnəmdən bir bağçaya yuvarlanırsa, onun ruhu necə azad şəkildə seyr edə bilər? Bu belə deyil. Hələ imtahan, məhşər başlamamış da Allah kimin günahkar, kimin məsum olduğunu bilir. Ona əsasən də məhşərə qədər möminlərin ruhlarına, saleh əməlli adanalrın ruhlarına azadlıq verilir. Bəli, onlar seyr edə bilər, hətta ailələrinə gələ bilər. Ruhun mahiyyəti mücərrəd olduğu üçün eyni zamanda yerdə və göydə, ilahi məqamda təmsil oluna bilər. Biz ruhu cism kimi düşünməyək ki, yerdə olsa həmin an göydə ola bilməz.
Bəli, Allaha imanlı, əməlisaleh adamların ruhları isə öz cəsədini qəbrə qədər müşaiyət edə bilir, eşidir, görür. Həftənin müəyyən günlərində ailəsinə baş çəkir. Onu yad edirlərsə, dua edirlərsə şad olur. Əksinədirsə qəmgin olur. Quran oxunan zaman sevinir, rəhmət oxunanda rahatlaşır... Bunlar Peyğəmbərimizdən nəql edilən hədislərə görədir. Yəni, ruhun varlığını bütün səmavi dinlər qəbul edir və onun seyr etməsini, dövr etməsini də təsdiq edir”.
İki cür ruh var?
“İslam inancına görə ölmüş insanın ruhu Qiyamətə qədər ruhlar aləminə daxil olur. Buna "bərzəx aləmi" də deyirlər. Yəni, axirətə keçid mərhələsi, dünya ilə də arada sədd olan məqam. Quranda Allah buyurur ki, ruh yalnız Allahın əmrində, iradəsindədir. Yəni, ruhun keyfiyyəti, mahiyyəti tam bizə məlum edilməyib. Quran ruh barədə çox qısa və lakonik anlamda onu Allaha aid etməklə kifayətlənib.
Amma Peyğəmbərdən 300 il sonra minlərlə hədis uydurublar bu mövzuda. Ruhun sanki insan formasında olduğu və oxşar xüsusiyyətlərə malik olması barədə rəvayətlər yayılıb. Hətta fəlsəfə, elm özü də insanı əhatə edən ruh adlanan bu enerjinin keyfiyyəti haqqında tutarlı məlumata sahib deyil. Bəziləri ruhun insan bədənində olduğunu, bəziləri isə bədəndən ayrı, lakin cismi idarə etdiyini deyirlər.
Hətta bir qism düşüncə sahibinə görə insanda iki ruh var: heyvani ruh, sultani ruh. Heyvani ruh insanın duyğu və hissləridir. Sultani ruh isə əsas ruhdur. Heyvanlarda heyvani ruh var, sultani ruh yoxdur. Mələklərdə əksinə, sultani ruh var, heyvani ruh yoxdur. Ona görə ki, cism deyillər.
İnsanda isə hər ikisi var, ona görə ki, xilqətin əşrəfidir və daha mükəmməl xəlq edilib.
İnsan yatanda heyvani ruh qalır, lakin sultani ruh bədəni tərk edib, onu seyr edir. Ona görə yatarkən toxunan olanda insan oyanır, hiss edir. Peyğəmbər buyurur ki, yuxu kiçik ölümdür. Nənə-babalarımız yatan adamı qəfil oyadanda ehtiyatlı olmağı tövsiyə edərdilər ki, adam dəli olar. Çünki ruhu-sultani həm anda bədənə daxil ola bilməz insanın ağlında qüsur yarana bilər. Bu, tibbi cəhətdən də qeyd olunur ki, yuxudan qorxaraq ayılmaq insanda əqli, psixoloji nöqsana səbəb ola bilər.
Amma insan ölərkən hər iki ruh da bədəni tərk edir.
Əsas ruh, sultani ruh aləmi - ərvaha, yəni ruhlar aləminə varır ki, onun da mahiyyəti barədə qəti bir təsvir mümkün deyil. Sonradan yazılmış hədis, rəvayətlərin çoxu qədim yəhudi, hind, fars inancları ilə qarışmış əski əsatirlərlə qarışdığı üçün etibar etmək olmur. Yalnız Quranın özündən anladığımız qədər anlaya bilərik, bir də sağlam İslam filosoflarının fikirlərindən”.
Surxay Atakişiyev, Bizim.Media