Bu il Azərbaycandakı ali təhsil müəssisələrinə 75 mindən çox tələbənin qəbulu planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib.
O bildirib ki, ötən il ali təhsil sahəsində bir sıra mühüm qərarlar qəbul edilib:
“Xüsusən ali təhsildə əhatəliliyin artmasını 2024-2025-ci ilin qəbul statistikasında da görə bilərik. 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qeyd edim ki, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Ali təhsildə qəbul sayları və əhatəlilik artırılır, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır.
Nazirlər Kabinetinin 6 sentyabr 2024-cü il tarixli Qərarı ilə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı orta hesabla 25% artırılıb. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində təhsil xərci üçün əlavə 101 milyon manat olmaqla, ümumilikdə 391 milyon manat vəsait nəzərdə tutulub”, - K.Kərimzadə qeyd edib.
Bizim.Media