Dadı, keyfiyyəti və çəkisi ilə fərqlənən Muğanlı çörəyi necə hazırlanır? - FOTO

Dadı, keyfiyyəti və çəkisi ilə fərqlənən Muğanlı çörəyi necə hazırlanır? - FOTO

Hazırda oxunan: Dadı, keyfiyyəti və çəkisi ilə fərqlənən Muğanlı çörəyi necə hazırlanır? - FOTO

229508

Milli mətbəximizin qorunub saxlanan ənənələrindən biri də çörəkbişirmədir.

Nənələrimiz, analarımız bu qədim ənənəmizi əsrlərdir yaşadır. Dövr, zaman nə qədər dəyişsə də, bu ənənə dəyişmir, olduğu kimi qorunub saxlanılır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hər bölgənin bu sahədə özünəməxsus bişirmə tərzi var. Hər hazırlanma üsulu da dadına, ləzzətinə görə fərqlənir.

Budəfəki yazımızda Zaqatalanın ucqar kəndində - Muğanlıda kürə çörəyinin bişirilməsinin, hazırlanmasının özəlliyindən bəhs edəcəyik.


Alazan vadisində yerləşən ucqar Muğanlı kəndinin kürə çörəyi tək rayonda deyil, ölkədə də çox məşhurdur.

Kənd sakinləri deyir ki, keçmişdə bu çörəkdən hər evdə bişirilərdi. İndi isə onun bişirilməsinin zəhmətinə qatlanan çox az sayda az sayda ailə qalıb.

Belə ailələrdən biri də Əhmədovlardır.

Üç övlad böyüdüb boya-başa çatdıran Azər və Arzu Əhmədovlar kənddə çörəkçi ailəsi kimi tanınırlar. Onlar nəinki bu ənənəni yaşadır, həm də onu inkişaf etdirirlər.

Qonağı olduğumuz Əhmədovların evinə çatanda çox ertə idi. Evin xanımı - Arzu Əhmədova bizi əlləri xəmirli qarşıladı. Deyir, onun iş saatı səhər 5 - dən başlayır. Çünki xəmiri o yoğurur. Buna görə də hər sabah tezdən ən azı 2 kisə undan xəmir hazırlayır.


Onu da deyək ki, bu kənddə hamı xəmir mayasına “balatı” deyir. Azca un, maya və su ilə yoğurulub isti yerdə dincə qoyulur. Təxminən yarım saatdan sonra “balatı” hazır olur.

Keçmiş dövrlərdəki sayaq maya xəmirin yoğrulması da xeyli vaxt, zaman tələb edir.

Arzu xanım deyir ki, bu cür maya ilə bişirilən çörəklərin dadı da, keyfiyyəti də yüksək olur:

“Muğanlı çörəyinin bir özəlliyi də onun çəkisi ilə bağlıdır. Bir çörək üçün 3.5 kq xəmir qoyuram, amma sobadan bişmiş halda çıxarılanda çəki yarım kilo azalır. Keyfiyyətli hazırlandığı üçün bir çörək ailənin 3-4 gününə yetir”.


Arzu xanımla həmsöhbət olduğumuz müddətdə həyat yoldaşı Azər də boş dayanmır. Əslində, onun da işi asan deyil.

Çünki hər gün kürə çörək bişirilməzdən qabaq təmizlənməlidir. Daha sonra odunla doldurulub çox yüksək həddədək qızdırılmalıdır. Azər hər sabah tezdən xəmir “özünə gələnədək” bu işləri həll edir.

Əhmədovlar bişirdikləri çörəyin satışını da özləri həyata keçirir.


Kürədən çıxan isti çörəyi almaq üçün yaxınlaşan kənd sakinlərindən birinin səsi diqqətimizi cəlb edir:

“ Azər, yaxşı qızarmışından 4 dənə ver, Bakıya, uşaqlara göndərəcəm”.

Fürsəti əldən verməyib kənd sakini ilə söhbətləşirik. Məlum olur ki, uzun illər kənd məktəbinin direktoru işləyib hazırda təqaüddə olan Nizami Cavadov da ancaq kürə çörəyi alır: “Mən kürə çörəyi ilə böyümüşəm, yəni ağlım kəsəndən anam, nənəm bu çörəyi bişirib. Evimizdə “kürə-peçi” vardı. Sonradan insanlar daha rahat çörək bişirməyin yollarını tapdılar. Amma əvvəlki dadın yerini heç nə vermir. Nə yaxşı ki, indi Əhmədovlar bu ənənəni davam etdirir. Onlar məktəbdə mənim şagirdim olublar. Görrdükləri bu iş çox savablı və faydalıdır”.


Nizami müəllim onu da dedi ki, ayda iki dəfə bu çörəkdən alıb Bakıda yaşayan oğlanlarına göndərir. Hətta uzaqdakı digər qohumlar da ona tez-tez zəng edib Muğanlı çörəyi sifariş edirlər.

Müəllim deyir ki, bu çörəyi dadlı edən həm də onun kəndin ab-havasında hazırlanmasıdır: “Bir neçə il qabaq bir sahibkar rayon mərkəzində yer açıb Muğanlı çörəyi bişitdirmək istədi. Sex yaratmaq üçün xeyli də xərc çəkdi. Amma o çörək kənddə bişənin nə dadını verdi, nə də ətrini”.
Qeyd edək ki, Muğanlı çörəyinin hazır çəkisi üç kiloqramdır. Bu da normal çəkidən 6-7 dəfə çoxdur. Heç bir süni qatqısı olmayan bu çörəyi payız və qış aylarında bir ay, yaz-yayda isə 10-12 gün saxlamaq olur. “Muğanlı çörəyi”nin qiyməti isə çəkisindən asılı olaraq 2-4 manat arasında dəyişir.
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO