Xəstəliklərin müxtəlif törəmə səbəbləri var. Amma elə xəstəliklər var ki, onlar irsidir. Son illərdə genetik olaraq keçən xəstəliklərin sayı sürətlə artır.
Bəs irsi keçən xəstəliklər nə dərəcədə təhlükəlidir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış həkim Abbas Bağırov deyir ki, insan dünyaya gəldikdən sonra müəyyən inkişaf dövrü keçdikdə və yaxud erkən yaşda əvvəlki nəslində olan hər hansı bir xəstəliyin daşıyıcısı ola bilər:
“Bu xəstəliklər əgər xoromosomlarda baş verirsə, onda həmin xəstəliklər ana bətnindəykən inkişaf etməyə başlayır. Nəticədə uşaq qüsurlu doğulur. Məsələn, bir sıra xəstəliklər var ki, onları təhlil edəndə görürük ki, bu xəstəlik əvvəlki nəsildə də olub. Doğrudur, antropegen təsirlər və digər səbəblər nəticəsində orqanizmdəki hüceyrələrin inkişafında müəyyən deformasiyalar yaranır. Gözlənilməyən əlamətləri ilə yeni xəstəliklərin yaranmasına səbəb ola bilir.
Amma bütün prosesləri izləyəndə baş verən patoloji halların hamısının genetik xarakter daşıdığını görə bilərik. İstər endokrin, istər mədə-bağırsaq, istər qan-damar, istərsə də, digər xəstəliklərin ya ata, ya da ana tərəfdən keçdiyini görürük. Bu da o deməkdir ki, nəsildə hansı xəstəlik dominantdırsa, o xəstəlik gələcək nəsilə ötürülür”.
Müsahibimiz irsi xəstəliklərlə mübarizədən də danışıb:
“Qazanılmış xəstəliklər müəyyən konservativ və cərrahi yolla müalicə olunsa da, irsən keçən xəstəliklər hər zaman həkim təqibində qalmalıdır. Çünki həmin xəstəliklərin ağırlaşmaması üçün xüsusi proqramların icrası zəruridir. Hər hansı bir orqanizmdə, toxumada xroniki xəstəlik varsa həkimdən çox, həmin xəstəliyin daşıyıcısı olan pasiyentin məsuliyyətli olması vacibdir.
Məsələn, bir şəxsin mədə-bağırsaq sistemində iltihabi proses, mədənin selikli qişasında errozi proseslər varsa, o xəstə mədədən keçən qida maddələrinin keyfiyyətinə fikir verməlidir. Həmin xəstəliyi provokasiya edən bütün faktorlardan özünü təcrid etməlidir.
Yaş dövründən asılı olaraq həmin şəxslər ildə 1-2 dəfə profilaktik müalicə almalı və daşıdığı xəstəliyə uyğun şəkildə mütəxəssis həkimin rəyini öyrənməlidir. Bu xəstəliyin səviyyəsindən asılı olmayaraq mütləq şəkildə edilməlidir.
Çünki xəstəliyin müalicəsindən başqa profilaktiv müalicə də vacibdir. Profilaktik müalicə alanlarda ağırlaşma halları olmur. Unutmayaq ki, xroniki xəstələrdə immun sistemi daim təhdid altında olur. Belə xəstələrin orqanizmində virus və infeksiyalar daha rahat şəkildə inkişaf edir”.
Surxay Atakişiyev, Bizim.Media