Nefroloqların belə bir deyimi var, “böyrəklər səssizcə ölür”.
Bir neçə gün öncə aktyor Azər Baxşəliyevin qəfil vəfatı bunun doğru olduğunu bir daha təsdiqlədi.
Bu bəla daha öncə də bir çox tanınmış şəxsin ölüm səbəbi olub. Xalq artisti Aftandil İsrafilov, Filologiya elmləri doktoru Nizami Xudiyev, meyxanaçı Elnur Valeh və digər tanınmışlar da bu “səssiz bəla”nın qurbanlarındandır.
MÖVZU İLƏ BAĞLI:
“Böyrək çatışmazlığının əsas səbəbi içdiyimiz sudur” – Uroloqdan SENSASİON AÇIQLAMA
Xəstələrin sayı niyə artıb?
Bəs, son zamanlar bu xəstəlikdən əziyyət çəkənlərin sayının artması nə ilə əlaqədardır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış transplant nefroloq Elnur Fərəcovun fikrincə, son zamanlar böyrək xəstəliyi olan insanların sayının artması nəinki bizdə, bütün dünyadada müşahidə olan bir tendensiyadır. Bu, ilk növbədə şəkərli diabeti və yüksək arterial təzyiqi olan xəstələrin artımı ilə bağlı ola bilər.
Digər tərəfdən isə, bu, hemodializ müalicəsi alan xəstələrin artımı ilə əlaqələndirilir. Halbuki dializ xəstələrinin sayının artması yalnız böyrək xəstələrinin sayının artması deyil, dializ qəbul edən xəstələrin əvvəlki illərlə müqayisədə daha uzunömürlü olması ilə də əlaqəlidir.
Xəstəliyin yaranma səbəbi nədir və kimlər risk qrupundadır?
Elnur həkimin sözlərinə görə, səbəblər çox müxtəlifdir: “Böyrəklərin fəaliyyətini pozan və xroniki iltihablaşmasına gətirən hər hansı bir xəstəlik böyrəklərin xroniki xəstəliyinə səbəb ola bilər. Bu əlbəttə ki, ilk növbədə şəkərli diabet və onun ən ilkin fəsadlarından sayılan diabetik nefropatiyadır.
Yüksək arterial təzyiqin nəticəsində yaranan hipertansif nefropatiya, fərqli tipli xroniki qlomerulonefritlər, kəskin gedişatlı vaskulitlər və başqa birincili və ya ikincili autoimmun xəstəliklər də bunu yaradan səbəblərrdəndir. Xroniki pielonefrit, böyrək daş xəstəliyi və başqa müxtəlif səbəbli olan xroniki sidik yollarının infeksiyaları zamanında düzgün müalicə olmadığı təqdirdə böyrəklərin xroniki xəstəliyi ilə nəticələ bilər.
Böyrəklərin polikistoz xəstəliyi və Alport sindromu kimi bəzi irsi patologiyalarda böyrəklərin fəaliyyətini pozulmasına gətirir. Əlavə olaraq, neftoksik təsiri olan dərman preparatlarının düzgün olmayan qaydada gəbulu da xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər. Qeyd olunan xəstəlikləri mövcüd olan və ən önəmlisi həkim nəzarətində olmayan insanlar risk qrupunda olanları təşkil edir”.
Həkim qeyd edib ki, əfsuslar olsun ki, əksər hallarda başlanğıcda ciddi şikayətlər müşahidə olunmur və bir qrup xəstələrdə çox irəli mərhələdə böyrək çatışmazlığı aşkar olunur:
“İlkin simptomlardan arterial təzyiqin yüksəlməsi və aşağı ətraflarda ödemlərin olmasını kimi qeyd etmək olar. Əlavə olaraq, günlük sidiyə getmədə dəyişiklər, gecələr tez-tez getmə və ya getmə zamanı yanma, göynəmə olması kimi şikayətlər əmələ gəlir. Halsızlıq, iştahsızlıq, ürəkbulanma, tənginəfəslik, qaşınma və aşağı ətraflarda olan gicolmalar kimi simptomlar daha sonraki mərhələdə olan xəstələrdə müşahidə olunur”.
Bu şəxslərə böyrək köçürülə bilməz!
“Kimlərə böyrək köçürülmür, yaxud hansı halda imtina edilə bilər” sualını isə həkim belə cavablayıb:
“Transplantasiya üçün əks göstəriş onkoloji xəstəlikdir. Xəstələr orqan nəqli üçün müəyyən dərman preparatları gəbul edirlər, bu isə onkoloji xəstəliyin daha da şiddətlənməsinə gətirib çıxara bilər.
Bir məqam da var, yuxarı yaş həddində olan xəstələrdə, yaxud onların yaxınlarında şəkərli diabet varsa, onlar da transplantasiya oluna və ya donor ola bilməzlər kimi yalnış fikirlərdə olan insanlarımız var. Onlara demək istəyirəm ki, yaxşı olar ki, transplantasiya ilə bağlı istənilən məlumatı təsadüfi adamlardan deyil, bu sahə üzrə təhsil almış mütəxəssislərdən əldə etsinlər”.
Həkim bildirib ki, böyrək nəqli hazırda ödənişsizdir və İcbari Tibbi sığorta ilə qarşılanır:
“Donorların uyğun olub-olmaması məsələsi Səhiyyə Nazirliyinin nəzdindəki Transplatasiya Koordinasiya Mərkəzində təyin edilir. Donor olmaz istəyənlər ora müraciət edir, daha sonra məsələnin hüquqi tərəfi həll edilir. Donorlar qan və ya hüquqi qohumluğu olan insanlar, yaxud da könüllü şəxslər ola bilər”.
Meyitdən orqan nəqlinə başlanılmalıdır
Elnur Fərəcov onu da bildirib ki, mərkəzdə bir ildə 150 nəfərə böyrək köçürülə bilər. Amma bu il həmin rəqəm tamamlanmayıb:
“İl ərzində hardasa 110-120 nəfərə böyrək köçürülüb. Çünki donor tapmaq məsələsi o qədər də asan deyil. Bunun üçün Azərbaycanda meyit orqan transplatasiyası başlamalıdır. Dializdə 4000, 4200-ə qədər böyrək çatışmazlığının son mərhələsində - hemodializdə olan xəstələr var. Onların bir qismi də transplatasiya olmaq istəyirlər. Amma donor olmadığı üçün əməliyyat oluna bilmirlər. Onların yeganə şansı meyit orqanları, yəni beyni ölmüş xüsisi biondur. Bu, təmənnasız, ailə üzvlərinin bağışlaması ilə həyata keçirilə bilər.
Çox yaxşı olardı ki, media qurumları da bu xeyirxah işdə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə dəstək versinlər”.
Rəna Cumaqızı, Bizim.Media