Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində xəsarət alan şəxslərdən ümumilikdə 6 nəfərin (2 kişi, 4 qadın cinsli) müalicəsi Yeni Klinikada davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.
Mənbə qeyd edir ki, 30.12.2024-cü il tarixində stabil ağır vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə daxil olan şəxs kliniki və hemodinamik göstəriciləri stabilləşdikdən sonra stasionar şöbəyə köçürülüb.
Qeyd edək ki, sol baldırın, sağ körpücük sümüklərinin, sağ əlin 2 daraq sümüklərinin sınıqları diaqnozu ilə həkim-travmatoloq Elşən Nəcəfov tərəfindən üzərində baldır sümüklərinin osteosintez (sınıqlar zamanı sümüklərin anatomik quruluşunun bərpası) əməliyyatı icra olunan xəstənin hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir.
Travmatik koma vəziyyətində daxil olan xəstələrin (2 nəfər) kəllə-beyin travması, müxtəlif dərəcəli sınıqlar, döş qəfəsinin küt travması və pnevmohemotoraks diaqnozları ilə protokola uyğun olaraq müalicələri Reanimasiya şöbəsində davam etdirilir. Hazırda tənəffüs dəstəyi ilə təmin olunublar. Vəziyyətləri isə stabil kritik ağır olaraq qiymətləndirilir.
Xatırladaq ki, daha öncə hospitalizasiya olunan 14 nəfərdən daha 2 nəfər də ambulator müalicə üçün evə buraxılıb. Tibb müəssisəsində qalan digər 3 nəfərin stasionar müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.
Bizim.Media