Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Osman Osmanovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 05 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən yeni fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, Osman Osmanov arvadı, zərərçəkmiş Mədinə Osmanova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadın təqsirləndirilən şəxslə birlikdə yaşayan ilk evliliyindən olan azyaşlı övladını orta məktəbə yola salmaq üçün oyatmaması olub.
Nəticədə Osman qadının üzərinə hücum edib qəsdən əlləri ilə onun saçından tutub dartaraq yolub, sifət nahiyəsinə isə yumruq zərbələri vurub, boğaz və boynundan əlləri ilə tutub sıxıb. Sonra o, Mədinənin saçından dartaraq yerə yıxıb, sağ ayağından xəsarət almasına da səbəb olub.
Ardınca isə Osman arvadının kürək nahiyələrinə yumruqla, daha sonra ayağa qalxaraq ondan uzaqlaşmaq istəyən qadının sifət, baş nahiyələrinə sillə, yumruq, ayaq və bədən nahiyələrinə isə təpiklə zərbələr endirib.
Bizim.Media