Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq 2024-cü ilin 16-20 dekabr tarixlərində həyata keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bidirilib ki, tədbir zamanı epizootik risk əsasında müəyyən olunmuş dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 60 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.
Bundan əlavə, 27 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsində 270 baş, 20 rayonun (şəhər) 223 ailə təsərrüfatında isə ümumilikdə müxtəlif növ 685 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb.
Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələri, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib, bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görülüb.
Toplanmış epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar müvafiq proqrama daxil edilib.
Monitorinqlər müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələr müvafiq laboratoriyalarda müayinə edilib. Aparılmış müayinələrin ümumi təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib.
Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hala rast gəlinməyib.
Bizim.Media