Dövlətin 1,2 milyon manatını mənimsəyən şəxslərin məhkəməsi başladı

Dövlətin 1,2 milyon manatını mənimsəyən şəxslərin məhkəməsi başladı

Hazırda oxunan: Dövlətin 1,2 milyon manatını mənimsəyən şəxslərin məhkəməsi başladı

228675

Dövlətə məxsus külli miqdarda pulu mənimsəməkdə və külli miqdarda vəsaiti leqallaşdırmaqda ittiham olunan Rasim Əliyev, Rəşad Bağırov, Müşviq Lətifov, Yunin Aleksey Sergeyeviç, Rəşad Tağıyev və Cavid İsmayılzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizim.Media report.az-a istiandən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, bəzi təqsirləndirilən şəxslərin müdafiəçiləri prosesdə iştirak etmir. Bu səbəbdən məhkəmənin hazırlıq iclası yanvarın 13-nə qədər təxirə salınıb.

Qeyd edək ki, cinayət işi üzrə "Az Smart” Məhdud Məsuliyyətli Cəmiyyət və Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

İttihama görə, mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunusuz yollarla çoxsaylı ƏDV (Əlavə dəyər vergisi) köçürmə əməliyyatlarının aparılması barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaq aparılıb.

İstintaqla mütəşəkkil dəstə üzvləri - Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Rəşad Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına “ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürərək leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
 

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.


İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs qətimkan tədbiri, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO