Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin eksklüziv fotoları yayılıb.
Bizim.Media xəbər verir ki, fotoları “AnewsZ” telekanalı yayımlayıb.
Təyyarənin gövdəsinin daxilindən çəkilmiş fotoşəkillərdə kənar müdaxilə ilə uyğun gələn xəsarət əlamətləri aydın görünür.
Qeyd edək ki, ilkin araşdırmaların nəticəsinə əsasən yerli və xarici KİV-də təyyarənin Qroznıya yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemindən atılan raketlə vurulduğu bildirilmişdi.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfəri Azərbaycan, 8 nəfəri Rusiya, 3 nəfəri Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələ ki müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.
Bizim.Media