Sağlam dəriyə sahib olmaq hər bir şəxsin istəyidir. Lakin insanın hər biri fərqli dəri tipinə sahibdir. Bunlara həssas, yağlı və quru dəri tipi aiddir. Quru dəri incə olduğundan bir gənc yaşda çox gözəl görünür. Lakin xarici amillərə tez məruz qalır, qızarır, bəzən də qabıqlayır.
Qışda quru və quruluğa meyilli dəriyə sahib insanlar bu problemdən daha çox əziyyət çəkirlər.
MÖVZU İLƏ BAĞLI:
Dəriyə qulluq vasitələri - Ucuz kremlərin hansı fəsadları VAR?
Havanın soyuq keçməsi, su qəbulunun azalması, qızdırıcıların qapalı məkanlarda yaratdığı quruluq dərinin nəm balansını azaltdır. Nəticədə dəridə yaranan quruluq, çat və qabıq ciddi narahatlıq yaradır.
Başqa hansı səbəblər var və problemin həllində nə tövsiyə olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan dermatoloq Tünzalə Əzizli qış fəslində dəri quruluğu artdığını deyib:
“Dəri quruluğu nəinki qadınlar, kişilərdə də müşahidə olunan haldır. Sadəcə olaraq, qadınlar daha çox özlərinə fikir verir, problemin üzərinə düşür, ona görə də statisiik olaraq, müraciətlərin sayından dolayı bu halları qadınlarda daha çox görürük. İşdə və evdə istifadə olunan qızdırıcılar, kondisioner, radiatorlar havanı qurutduğuna görə dəridə quruluq artır. Amma bu, təkcə üz dərisində yox, əl və bütün bədən dərisində görünə bilər. Belə hala daha çox quruluğa meyilli və həssas dərilərdə rast gəlinir. Tək səbəb qızdırıcılar deyil, dərinin özünün ehtiyat deposu buna çox təsir edir”.
O bidlirib ki, çıxış yolu kimi quru və həssas dəri tipinə sahib olanlar mütəmadi olaraq dəri baryerini qoruyan nəmləndirici qidalar və kremlərdən istifadə etməlidirlər:
“Quru dərilərin daimi məlum vasitəsi olmalıdır. Yanaşı olaraq, kosmetoloji prosedurlardan istifadə edə bilərlər. Təbii ki, bu prosedurları həkim-dermatoloqların etməsi mütləqdir, məsləhətdir. Nəmləndirici preparatlardan istifadə etməklə aparılan prosedurlar, mezoterapiyalar quru və həssas dərilərin deposunu daha da artırmaq, nəmləndirmək məqsədi daşıyır”.
Günay Şahmar, Bizim.Media