Dekabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.
Bu barədə Bizim.Media-ya AMEA-dan məlumat verilib.
Əvvəlcə Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda müzakirə olunan birinci məsələ “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” haqqında olub. AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Doktorantura təhsili: mövcud vəziyyət, beynəlxalq təcrübə və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Dilqəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış edərək məruzəni yüksək qiymətləndirib, doktorantura təhsili sahəsində mövcud problemlərə toxunub, təkliflərini səsləndiriblər.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmimizin gələcəyi üçün AMEA-da doktorantura təhsilinin səviyyəsinin yüksəldilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, doktorantlara qarşı diqqət və qayğı daha da artırılmalı, institut rəhbərləri və şöbə müdirləri tərəfindən elmi məqalələrin nəşrində və digər təşkilati işlərdə bütün zəruri dəstək verilməlidir. AMEA rəhbəri qarşıdakı hədəflər sırasında doktorantura təhsili haqqında əsasnamənin yenilənməsi üçün təkliflərin hazırlanması, doktorantura təhsilinin dünya təcrübəsinə uyğunlaşdırılması olduğunu bildirib.
Rəyasət Heyəti tərəfindən məruzədə və müzakirələrdə irəli sürülən təkliflər nəzərə alınaraq doktorantura təhsil səviyyəsində, dünya təcrübəsi nəzərə alınmaqla, müvafiq qərar qəbul edilib, akademiyanın aidiyyəti qurumlarına tapşırıqlar verilib.
İclasda müzakirə edilən növbəti məsələ 2025-ci il üzrə AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında olub. Rəyasət Heyəti tərəfindən 2025-ci il üzrə AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planı təsdiqlənib və görülmüş işlər barədə rüblük və illik yekun hesabatın müvafiq elmi bölmələrə təqdim olunması tapşırılıb.
İclasda Rəyasət Heyəti tərəfindən gələn il AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi və Lənkəran Regional Elmi Mərkəzinin “Elmi əsərləri” (İctimai-humanitar və təbiət elmləri seriyası) jurnalının təsis edilməsi haqqında qərarlar qəbul olunub.
İclasda müzakirə olunan növbəti məsələ AMEA-da elektron sənəd dövriyyəsinə keçidin təmin edilməsi və qarşıda duran vəzifələr haqqında olub. Qeyd olunub ki, AMEA-nın Rəyasət Heyəti aparatı və tabeliyindəki elmi müəssisə, təşkilat və mərkəzlərdə sənədlərin dövriyyəsinin elektronlaşdırılmasına keçid prosesi uğurla başa çatdırılıb.
İclasda, həmçinin akademik Cavad Abdinovun 85 illik yubileyi haqqında qərar qəbul olunub.
Bizim.Media