Xəbər verdiyimiz kimi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.
Bizim.Media xəbər verir ki, matəmlə əlaqədar olaraq, ölkədə bayraqlar yarıya qədər endirilib.
Həmçinin matəmlə əlaqədar Bakıda Yeni il yolkalarının işıqları söndürülüb.
Qeyd edək ki, Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Təyyarənin sərnişinlərindən 37-si Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub, 14 nəfər yaralanıb.
Bizim.Media