Xəbər verdiyimiz kimi “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri, jurnalist Firuzə Cəlilova “V Kitabqurdu məhkum qadınların oxu marafonu” adlı layihənin təqdimatında bildirmişdi ki, yaxın zamanlarda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi planlaşdırılır.
"Hazırda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi məsələsi barədə danışıqlar gedir. Türkiyədə artıq bu təcrübə tətbiq olunub. Bizim də təhsil haqqında qanunumuzda distant təhsil anlayışı var. COVİD-19 dövründə bu təcrübəni tətbiq etdik. İndi də cəzaçəkmə müəssisələrində sınamağı istəyirik".
O, bildirib ki, gələn ildən etibarən təkcə qadınlarla deyil, kişilər və yeniyetmələr ilə də bu oxu marafonu tətbiq olunacaq.
Təklif cəmiyyətdə də maraqla qarşılanıb. Çünki islah olunan şəxslərin cəmiyyətə yararlı vətəndaş kimi qayıtmasında belə layihələrin rolu böyükdür.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev bildirib ki, kütləvi informasiya vasitələrində, sosial mediada məhbuslara da ali təhsil almaq şansının tanınması ilə bağlı daim müzakirələr gedir:
“Düşünürəm ki, bu məsələ aktualdır və bir çox aspektdən əhəmiyyətlidir. Amma ilk növbədə bunun üçün hüquqi mexanizm və maddi-texniki resurslar çərçivəsi müəyyən edilməlidir. Bu təcrübıni tətbiq edən qonşu ölkələr kimi Rusiya və Türkiyənin, eləcə də Qərb ölkələrinin təcrübəsindən istifadə etmək olar. Hansı ki, həmin ölkələrdə bu istiqamətdə kifayət qədər uğur hekayələri vardır.
Yeri gəlmişkən, məhbusların ali təhsilə inteqrasiyası onların cəmiyyətə adaptasiyası, islahı, residiv cinayətlərin azaldılması baxımından effektiv mexanizmlərdən sayıla bilər”.
Bəs, nədən başlamalı?
Müsahibimiz hesab edir ki, ilk növbədə Ombudsman səviyyəsində bu məsələ müvafiq qurumlar qarşısında qaldırılaraq həllinə nail olunmalıdır:
“Bunun üçün ilk növbədə penitensianar müəssisələrdə ali təhsilin nümunəvi nizamnaməsi hazırlanmalı, cəzaçəkmə müəssisələrində adaptiv şərait yaradılmalı, dünya təcrübəsi öyrənilərək tətbiq olunmalıdır. Bu həm də törətdiyi cəzaya görə ali təhsilini yarımçıq qoymuş məhbuslar üçün, eləcə də əmək bazarında ali təhsil ixtisası olmadığına görə iş tapa bilməyən həbs müddəti bitmiş məhbuslar üçün də əlavə şansdır.
Güman edirəm ki, belə bir şansın məhbuslara tanınması cəzaçəkmə müəssələrində məhbusların intizamına müsbət təsir edəcəyi kimi, onlara öz ailələrində və cəmiyyətdə münasibəti də dəyişəcək”.
Surxay Atakişiyev, Bizim.Media