Tanımadığımız hesablardan gələn dostluq təkliflərini qəbul etməyin riskləri – AKTA-dan MÜHÜM TÖVSİYƏLƏR

Tanımadığımız hesablardan gələn dostluq təkliflərini qəbul etməyin riskləri – AKTA-dan MÜHÜM TÖVSİYƏLƏR

Hazırda oxunan: Tanımadığımız hesablardan gələn dostluq təkliflərini qəbul etməyin riskləri – AKTA-dan MÜHÜM TÖVSİYƏLƏR

226732

Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən onlayn anonim sorğu keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə AKTA-nın rəsmi saytı məlumat yayıb.

Sorğuda iştirak edən respondentlərin 22%-i sosial media platformalarında tanımadıqları hesablardan gələn dostluq və ya əlaqə təkliflərini qəbul etməyin riskləri barədə kifayət qədər məlumatlı deyil. Eyni zamanda, respondentlərin 19%-i sosial media hesablarında şəxsi şəkil və ya videolar paylaşarkən paylaşımın kimlər tərəfindən əlçatan olacağı və ya təqdim ediləcəyi auditoriya kimi seçimləri tam nəzərə almır.

Sosial media platformalarında tanımadığımız hesablardan gələn dostluq və ya əlaqə təkliflərini qəbul etmək, o cümlədən paylaşımın əlçatan olacağı autidoriyanı diqqətlə təyin etməmək bir sıra risklər yarada bilər. Bu risklərdən xəbərdar olmaq və tədbirlər görmək vacibdir.

Risklər

Fərdi məlumatların ələ keçirilməsi - Tanımadığınız hesabların məqsədi sizin fərdi məlumatlarınızı ələ keçirmək ola bilər. Məsələn, profilinizdəki şəkillər, məlumatlar və ya əlaqənizdə olan şəxslərin siyahısısı əldə edilə, daha sonra bu məlumatlar zərərli məqsədlər üçün istifadə edilə bilər.

Kiberdələduzluq fəaliyyəti - Saxta profillər dələduzlar tərəfindən istifadə edilə, sizdən fərdi məlumatlarınız, o cümlədən pul istənilə və ya sizi qeyri-hüquqi fəaliyyətə cəlb etmək məqsədi daşıya bilər. Həmçinin, saxta iş təklifləri və ya investisiya imkanları ilə aldadılaraq maliyyə zərərləri ilə üzləşə bilərsiniz.

Fişinq (“Phishing”) hücumları - Bu hesablar sizi zərərli keçidlərə yönləndirə və ya zərərli məzmun göndərə və beləliklə, hesablarınızın və ya cihazınızın təhlükəsizliyini poza bilərlər.

Kiber təqib və təzyiq - Bəzi şəxslər sizi izləmək, şəxsi həyatınıza müdaxilə etmək və ya təzyiq göstərmək məqsədilə dostluq təklifi göndərə bilər.

Zərərli proqramların yayılması - Tanımadığınız hesablardan gələn mesajlar və ya fayllar vasitəsilə cihazınıza/sisteminizə zərərli proqramlar yüklənə bilər.

Diqqət edilməli məqamlar:

Hesabın doğruluğunu yoxlayın
– Dostluq/əlaqə təklifi göndərən şəxsin profilini diqqətlə araşdırın. Şəkilləri, fəaliyyətləri və dostluqəlaqə siyahısı saxta görünürsə, təklifi qəbul etməyin.

Əlaqə nöqtələrini yoxlayın - Bu şəxslə ortaq dostlarınız və ya əlaqələriniz varmı? Əgər yoxdursa və profil haqqında heç bir məlumat əldə edə bilmirsinizsə, ehtiyatlı olun.

Hesabın yaşı və fəaliyyəti - Yeni yaradılmış və ya qeyri-aktiv görünən hesablar adətən saxta ola bilər.

Fərdi məlumatlarınızı qoruyun - Tanımadığınız şəxslərlə fərdi məlumatlarınızı, fotoşəkillərinizi və ya əlaqə məlumatlarınızı paylaşmayın.

Dostluq təklifi ilə birlikdə mesaj göndərilibmi? - Təkliflə birlikdə göndərilən mesajı diqqətlə yoxlayın. Əgər mesaj qeyri-adi, təzyiq göstərən və ya şübhəli tərzdədirsə, təklifi qəbul etməyin. Keçidlərə (“Link”lərə) daxil olmayın.

Sosial medianın məxfilik parametrlərini tənzimləyin – Fərdi məlumatlarınızın tanımadığınız şəxslər tərəfindən əldə edilməsi riskini nəzərə alaraq, paylaşımınızın təqdim ediləcəyi auditoriyanı diqqətlə təyin edin.

Etibar etmədiyiniz şəxslərin sorğusunu qəbul etməyin - Əgər hesab haqqında hər hansı şübhəniz varsa, dostluq təklifini qəbul etməmək ən məqsədəuyğun seçimdir.

Şübhəli hesabları bildirin (“report”) edin - Əgər hesab saxta görünürsə və ya sizi narahat edəcək məzmun göndərirsə, onu sosial media platformasına bildirərək (“report” edərək) şikayət edə bilərsiniz.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO