Sudan “quru” çıxan “AĞ XALATLILAR” – Həkimlər niyə CƏZASIZ qalır? - FOTO

Sudan “quru” çıxan “AĞ XALATLILAR” – Həkimlər niyə CƏZASIZ qalır? - FOTO

Hazırda oxunan: Sudan “quru” çıxan “AĞ XALATLILAR” – Həkimlər niyə CƏZASIZ qalır? - FOTO

226615

Azərbaycanda həkim səhlənkarlığı hər zaman gündəmdə olan mövzulardandır. Xəstənin əməliyyatdan sonra halı pisləşsə, sağlamlığına əlavə zərər vurulsa, hətta ölsə belə heç kəs bunun həkim səhvi olduğunu qəbul etmir. Xəstə yaxınları nə qədər şikayət etsələr də, iddialar irəli sürsələr də, hətta əllərində fakt belə olsa, yenə də həkimlərə qalib gələ bilmirlər. Həkimlər də öz növbələrində hər dəfə müxtəlif bəhanələrlə işin içindən çıxmağı bacarırlar. Nəzərə alsaq ki, son dönəmlər saxta cərrahlarla bağlı müxtəlif faktlar da aşkarlanıb, insanlar kimə etibar edəcəklərini bilmirlər.

Həkimlərin hər dəfəsində necə məhkəmədə qalib gəlməsi dəfələrlə müzakirə olunub. Ekspertlər açıqlamalarında bildirirlər ki, həkim səhvini sübut etmək üçün ekspertiza rəyi lazım olur, rəyi verən də başqa bir həkimdir. Belə olduqda, verilən rəyin nə dərəcədə şəffaf olması sual altında qalır.

Bəs həkimlər hansı hallarda cəzalandırılır?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Bizim.Media-ya bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsində vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı norma müəyyən edilib. Bu normaya əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

“Həmçinin Mülki Məcəllənin 1112-ci maddəsi tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsini tənzimləyir. Belə ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Ancaq zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir”.

Həkimin sanksiya həddində cəzalandırılması

Vəkil, həkimlərin cəzalandırıla biləcəyi bir neçə əməlləri də sadalayıb.
 

“Ancaq vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.


Məsələn, hüquq mühafizə orqanlarının araşdırması nəticəsində həkimin əməlində Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hüquqazidd əməl - qanunsuz süni mayalanma, insan orqanlarının qanunsuz transplantasiyası, qanunsuz abort etmə, xəstəyə kömək göstərməmə, səhlənkarlıq və s. əməllər müəyyən edilərsə, bu halda müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilərək, həmin əmələ görə müəyyən edilmiş sanksiya həddində cəzalandrıla bilərlər”.  


Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO