İntizam pozuntularına yol verən üç vəkil CƏZALANDIRILDI

İntizam pozuntularına yol verən üç vəkil CƏZALANDIRILDI

Hazırda oxunan: İntizam pozuntularına yol verən üç vəkil CƏZALANDIRILDI

226239

Dekabrın 20-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

ARVK-dan Bizim.Media-ya bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclasda ARVK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 77 ünvanında yerləşən yenidən qurulması nəzərdə tutulan inzibati binanın tikinti və təmiri işlərinin satınalınması üzrə elan olunmuş açıq tenderin nəticəsi açıqlanıb. Belə ki, tenderdə iştirak edən iddiaçı “Bakı Abadlıq Xidməti” MMC-nin təklifləri qiymətləndirilib və tender komissiyasının qərarına əsasən sözügedən şirkət qalib elan edilib. Rəyasət Heyəti tərəfindən qalib şirkətlə müvafiq satınalma müqaviləsinin imzalanması, habelə inzibati binanın tikinti və təmiri işlərinə yaxın günlərdə başlanılması qərara alınıb.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin ARVK ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü münasibətilə tələbələr arasında keçirilən “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadası iştirakçılarına mükafat verilməsi, Vəkillər Kollegiyası Akademiyası tərəfindən təşkil olunan vəkillərin peşə hazırlığının artırılması məqsədilə aktual hesab edilən tədris istiqamətlərinin təsdiqi məsələlərinə baxılıb və müsbət qərarlar qəbul edilib.

Eyni zamanda, iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və iki vəkilin müəyyən müddətdə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar verilib, 1 vəkilə irad və 1 vəkilə isə töhmət verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO