TƏBİB-in təşkilatçılığı ilə Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, tədbir “Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunub.
Tədbir müddətində iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə ediləcək.
Panellər resursların effektiv idarəedilməsi, səhiyyədə maliyyələşmə, rəqəmsallaşma və innovasiya, habelə keyfiyyətin idarəolunması, korporativ idarəetmə, tibdə həkim və pasiyent hüquqları, Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, eyni zamanda iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər mövzularını özündə ehtiva edir.
Qeyd edək ki, tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin, kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media