Azərbaycanda sağlamlıq arayışının müddəti 1 aydır, dövlət rüsumu isə 40 manat. Tibbi qeydiyyat sənədində vətəndaşa müayinələr nəticəsində arayış təqdim olunan zaman sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, aparılan peyvəndlər və keçirilmiş xəstəliklər haqqında məlumatlar qeyd olunur. 086 saylı tibbi qeydiyyat sənədi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərə, habelə işə qəbul zamanı vətəndaşlara təhkim olunduğu ilkin səhiyyə xidməti müəssisəsi tərəfindən verilir. Amma insanlar tibbi arayışın etibarlılıq müddətinin az olmasından tez-tez şikayət edirlər.
Tibbi arayışın müddəti niyə 1 aydır?
TƏBİB-dən Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Sağlamlıq vəziyyəti qısa müddətdə dəyişə bilməsi ilə əlaqədar arayışların yararlılıq müddəti 1 ay təyin olunub. Qeyd edək ki, sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir”.
“Ən az 3 ay olmalıdır”
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb məsələləri üzrə ekspert, professor Adil Qeybulla isə tibbi arayışın müddətinin az olmasını doğru hesab etmir.
“Sağlamlıq arayışlarının müddətinin bir ay olması düzgün deyil. Adi virus hepatitləri orqanizmə düşübsə, bu təxmini üç aydan sonra özünü göstərir, diaqnoz qoymaq mümkün olur. Arayışlar ən azından 3 ay müddətində olmalıdır. 1 ay kifayət qədər qısadır və məqsədəuyğun deyil”.
Nuray, Bizim.Media