Uzun illərdir ki, Azərbaycanda qadınlarla kişilərin hüquq və imkanlarının bərabər olması prinsipi əsas tutulur. Bu anlayış, kişilər və qadınlar arasında ayrı-seçkiliyi aradan qaldırmaq, hər birinin eyni hüquqlara malik olmasını təmin etmək məqsədi daşıyır. Azərbaycanda qadınların hüquqlarına həsr olunan qanunlar və proqramlar mövcud olduğu halda kişilərə belə bir imkan tanınmayıb.
Yəni kişilərin hüquqlarına həsr edilən ayrıca qanun yoxdur. Sadəcə qadın və kişilərin eyni imkanlardan istifadə etməsini, hər iki tərəfin hüquqlarını təmin edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaiyyət göstərir ki, bu qurumun da adı mahiyyətini əks etdirmir.
Kişilərin də təəssübkeşliyini çəkən komitənin adında "kişi" ifadəsi yoxdur...
Aydındır ki, komitə qadınların, uşaqların və ailə üzvlərinin hüquqlarını qorumaqla yanaşı, kişilərin də hüquqlarının müdafiəsini nəzərə alır, xüsusilə ailə məsələləri ilə bağlı hüquqların bərabərliyini təmin etməyə çalışır. Amma kişilərin hüquqlarını müdafiə etmək səlahiyyəti olan dövlət komitəsinin adında sırf “qadın”, “uşaq” və “ailə” sözləri saxlanılır. Yəni kişilərin də təəssübkeşliyini çəkən komitənin adında "kişi" ifadəsi yoxdur.
Məlumat üçün bildirək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2006-cı ilin mart ayında ölkə başçısının sərəncamı ilə yaradılıb. Komitənin adı və strukturu, həmçinin onun fəaliyyət sahələri dövlətin sosial siyasətinin bir hissəsi kimi müəyyən edilib. Bu komitə, Azərbaycan Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, gender bərabərliyi məsələləri ilə məşğul olur və bu sahələrdə müvafiq qanunvericiliyin tətbiqini təmin edir. Komitə həmçinin beynəlxalq səviyyədə gender bərabərliyi və uşaq hüquqları üzrə əməkdaşlıq edir.
Komitənin adı necə yaranıb?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adı, Azərbaycan dövlətinin ailə, qadın və uşaq hüquqları sahəsindəki xüsusi diqqətini əks etdirən bir ad olaraq yaranıb. Komitənin adı, Azərbaycan Respublikasının sosial siyasətinin və beynəlxalq öhdəliklərinin bir hissəsi olaraq, ailə münasibətlərinin, qadın və uşaqların hüquqlarının qorunmasını və inkişafını əsas məqsəd olaraq müəyyən edib.
Maraqlıdır, “ailə” ifadəsi - kişi, qadın və övlad anlamındadırsa, bu ifadələri ayırmaq nəyə gərəkdir?
“Kişi” ifadəsini komitənin adına əlavə etməmək, yenidən kişilərə qarşı ayrı-seçkiliyin olması və onların hüquqlarının müdafisəinin nəzərə alınmaması deyilmi?
Mahiyyətinin əksinə olan komitənin adının dəyişdirilməsi, yaxud qısaca olaraq “Ailə Komitəsi” kimi adlandırılması mümkündürmü?
Cəmiyyətdə qadınlar və uşaqlar əsas təbəqə sayılır...
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli Bizim.Media-ya açıqlamasında bildirib ki, komitənin adının bu formatda göstərilməsi Azərbaycanın beynəlxalq arenada öz üzərinə götürdüyü istər beynəlxalq hüquq, istərsə də insan hüquqları çərçivəsində öhdəliklərlə bağlıdır:
“Hər zaman cəmiyyətdə qadınlar, uşaqlar əsas təbəqə sayılır və onların hüquqlarının qorunması sosial dövlət modelinə uyğun şəkildə, eləcə də özünü sosial dövlət olaraq elan etmiş ölkələrdə və konstitusiyasında xüsusən önəm kəsb edir. Qeyd etdiyimiz bu normativlər və normalar beynəlxalq hüquqda bəzən pozitiv ayrıseçkilik hüququ kimi də qiymətləndirilir. Ailədə qadın və uşaqların hüquqlarının daha üst səviyyədə qorunması bu baxımdan çox önəmlidir. Bu da dediyimiz kimi sosial dövlət modelinə uyğunluqla əlaqələndirilir”.
Deputatın sözlərinə görə Azərbaycanda gender bərabərliyi həm tarixi, həm də hal-hazırda fəaliyyət göstərmək baxımından çox yüksək səviyyədədir:
“Bu istiqamətdə Azərbaycan dövləti bütün addımları atır və atmaqdadır. Yeni-yeni qanunvericiliyə uyğun dəyişikliklər də bu proseslə həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə Şərqdə ilk dövlət olaraq qadınlara seçki hüququ verən və digər ölkələrdən də qat-qat öndə olan ölkəyik. Bu ölkəni formalaşdıran xalqın bu istiqamətdə yanaşma tərzi digər ölkələrə örnək olan səviyyədədir. Ona görə yanaşmanın bu cür olması təbiidir”.
“Kişi” sözünün komitənin adına əlavə olunmasına ehtiyac yoxdur...
Deputat Razi Nurullayev də məsələ ilə bağlı fikirlərini bölüşüb. O, deyib ki, adlar görülən işlərin keyfiyyətinə və səmərəliliyinə dəlalət etmir:
“Ad dəyişikliyi ağır prosesdir. Dəyişiklik zamanı xeyli qanunvericilik aktları da dəyişməlidir ki, bu da əlavə xərcl tələb edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin işindən razıyam. Vacib olan onların fəaliyyətidir və bu da müsbətdir. Qaldı ki, “kişi” sözünün komitənin adına əlavə olunmasına, buna da ehtiyac görmürəm. Ümumiyyətlə, uzun adlara ehtiyac yoxdur. Bu günə qədər nə olubsa olsun, bundan sonra isə yeni təşəbbüslərdə uzun adlardan imtina etmək lazımdır. Əgər hər hansı bir dövlət qurumunun bütün hədəf qruplarını və xidmət sahəsini onun adında yazsaq, uzun bir siyahı alınar. Buna ehtiyac varmı? Əlbəttə yox... Yadda qalan adlar daha faydalıdır”.
Komitənin sadəcə “Ailə Komitəsi” olaraq adlandırılmasına gəlincə, deputat bunun doğru yanaşma olduğunu vurğulayıb:
“Adların qısa olması mənim də xoşuma gəlir. Amma, bu müəyyən xərclər və əziyyət tələb edir. O baxımdan qərar əlaqədar orqanların ixtiyarındadır. Mənim üçün hazırkı ad da məqbuldur”, - deyə Razi Nurullayev əlavə edib.
Komitənin nazirliyə çevrilməsi...
Qeyd edək ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsi təklif edilmişdi. Bu təkliflə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxış etmişdi. Deputat vurğulamışdı ki, Britaniya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət-ailə strategiyasının hazırlanması ilə bağlı Komitə nazirliyə çevrilməlidir. Sözügedən konfransda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə qeyd olunan təklifə münasibət bildirməmişdi.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 17.12.2024
Komitənin adında NATAMAMLIQ – Ailə, qadın və uşaq, bəs KİŞİ?
Hazırda oxunan: Komitənin adında NATAMAMLIQ – Ailə, qadın və uşaq, bəs KİŞİ?
Hazırda oxunan: Komitənin adında NATAMAMLIQ – Ailə, qadın və uşaq, bəs KİŞİ?
225519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.