Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasında İsrailin iki əsas tələbini qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ərəb vasitəçilərinə istinadən məlumat yayıb.
Məlumata görə, HƏMAS vasitəçilərə döyüşlər dayandırıldıqdan sonra İsrail qüvvələrinin Qəzza zolağında müvəqqəti qalmasına razılıq verəcəyini bildirib. HƏMAS atəşkəs razılaşmasına əsasən azad edəcəyi ABŞ vətəndaşları da daxil olmaqla girovların siyahısını da artıq təhvil verib.
WSJ-nin yazdığına görə, danışıqlarda irəliləyiş Misir nümayəndə heyətinin noyabrın sonunda İsrailə səfərindən sonra baş verib.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, dekabrın 9-da Netanyahu atəşkəs danışıqlarında müəyyən irəliləyişin olduğunu, lakin razılaşmanın əldə edilib-edilmədiyini söyləməyin tez olduğunu bildirmişdi.
Xatırladaq ki, İsrail və HƏMAS Qəzza zolağında 60 günlük atəşkəsi ehtiva edən razılaşmanı nəzərdən keçirir. Bu müddət ərzində anklavdan 30-a qədər girov azad edilməlidir. İsrail bunun qarşılığında fələstinli məhbusları azad etmək və Qəzza zolağına humanitar yardımın nəqlini artırmaq niyyətindədir.
Bizim.Media