YAP-ın “trollar”ı yoxdur - “Meydan” TV-yə CAVAB

YAP-ın “trollar”ı yoxdur - “Meydan” TV-yə CAVAB

Hazırda oxunan: YAP-ın “trollar”ı yoxdur - “Meydan” TV-yə CAVAB

22447

Yeni Azərbaycan Partiyası (YAP) mayın 25-də "Meydan" TV youtube kanalında feysbukda saxta səhifələrin yaradılması ilə bağlı yayılmış videoda partiyanın ünvanına səsləndirilən ittihamlara münasibət bildirib.

Partiyadan Bizim.Media-ya bildirilib ki, qərəzli və birtərəfli qaydada material hazırlayan, jurnalistikanın prinsiplərini kobud şəkildə pozan “Meydan TV” partiyanın Mətbuat Xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib.

Bundan başqa, qeyd edilib ki, videomaterialda ictimai fəal Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir.

"Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki “facebook”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur.
 

Bu məsələ ilə əlaqədar “The Guardian” qəzetinin araşdırmasında da “Facebook” şirkətinin məsul əməkdaşı bildirmişdir ki, “facebook”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb.


Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir.

Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur. Ehtimal oluna bilər ki, saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlanır. Bu baxımdan hesab edirik ki, “Meydan TV”nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

“Meydan TV”nin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş, əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayması məhkəmə predmetinə də çevrilə bilər.
 

Bu səbəbdən də, “Meydan” TV-dən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yayılan birtərəfli, böhtan xarakterli videomateriala görə jurnalistikanın etik qaydalarına və qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib materialı yayılsın.


Əgər “Meydan TV” sosial şəbəkələrdə saxta hesablarla rəylər yazan, siyasi rəqiblərini təhqir edənlər barədə obyektiv araşdırma aparmaq fikrinə düşərsə, müvafiq məlumat və faktları təqdim edə bilərik", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO