Ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumlarının və təşkilatlarının rəhbər vəzifələri xeyli vaxtdır ki, boşdur. Belə ki, bir sıra sabiq məmurlar deputat seçildikləri üçün vəzifələrindən azad ediliblər. Bəzi şəxslər isə vəzifələrindən azad olunsalar da, onların yerinə yeni şəxs təyin olunmayıb.
Bizim.Media kreslosu boş qalan məmurların siyahısını təqdim edir:
Köçərli Həsənov
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (keçmiş “Azərsu) İdarə Heyətinin sədrinin kreslosu boşdur. Sabiq sədr Köçərli Həsənov bu ilin sentyabrında vəfat edib.
Şahin Seyidzadə
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsi də öz sahibini gözləyir. Nəzərə alaq ki, sabiq sədr Şahin Seyidzadə sentyabrın 20-də keçirilən parlament seçkilərdə Milli Məclisin deputatı seçilib.
Asif Əsgərov
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Sabiq icra başçısı Asif Əsgərov VII çağırış Milli Məclisə deputat seçildiyi üçün Dövlət başçısının 23 sentyabr 2024-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib
Bakı Şəhər İcra Hakimiyyəti
Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifə hazırda boşdur. Söhbət icra hakimiyyətinin rəhbərliyinə daxil olan birinci müavin və üç müavin postundan gedir. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında həmin vəzifələrin qarşısı uzun müddətdir adsız göstərilir.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olub, bu vəzifəyə Eldar Əzizov gətirilib. Lakin üç aydan sonra - 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalıb.
O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb. Daha bir müavin postuna da son illər təyinat həyata keçirilməyib. Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyində 4 yüksək vəzifə boş olduğundan, həmin postlara təyinat aparılması gözləniləndir.
Mustafa Babanlı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərova həvalə olunub.
Heydər Əsədov
Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.
Azad Novruzov
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən azad edilib.
Şahin Bayramov
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Azər İbrahimov
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 03.12.2024
Sahibini gözləyən kreslolar – SİYAHI
Hazırda oxunan: Sahibini gözləyən kreslolar – SİYAHI
Hazırda oxunan: Sahibini gözləyən kreslolar – SİYAHI
223354
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.