"MTRŞ qərar verib, əcəb edib!"
Bizim.Media xəbər verir ki, bu sözləri Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev yerli saytlardan birinə açıqlamasında bildirib. Qəfil xəbərlə əlaqədar telekanalla əlaqə saxladıq və yalnız təəssüf dolu cavablar eşitdik.
MÖVZU İLƏ BAĞLI:
Mayın 31-i telekanalla vida mərasimi... – Jurnalistlər “Lider TV”nin önünə TOPLAŞACAQ
“Lider Tv”nin redaksiya rəhbərlərindən tutmuş, sıravi əməkdaşlarına qədər hər kəsin cavabında oxşar ştrixlər var idi:
“Onsuz da situasiya yetişmişdi. Space-də rəhbərlik dəyişdi, Lider də bağlandı”
“Lider Tv”nin bağlanma xəbərləri 2016-cı ildən etibarən daha sıx xarakter almağa başladı. Lakin ötən 5 il ərzində adıçəkilən televiziyanın gah yüksəliş, gah stabil, gah da ki, eniş vəziyyətləri yaşandı. Telekanalın əsas siması “Səda” informasiya buraxılışı və analitik şöbənin təqdim etdiyi proqramlar (Sədadan sonra, Seçim, Geosiyasət, Səda Həftə, Səda plus və s.) olsa da, digər verilişlər də baxılırdı. Çünki Azərbaycan teleməkanında ilk yeniliklərin müəllifi hər zaman “Lider tv” olub. Lakin etiraf etmək lazımdır ki, 2020-ci ildən bu yana, kanal Aşıq Namiqin ümidinə qalmışdı.
Əsl liderlər heç vaxt təslim olmurlar.
Yəni, maliyyə və reklam gəlirləri yox dərəcəsində olan “Lider tv” müəyyən yardımlardan da məhrum olmuşdu deyə bayağı verilişlərin aylıq ödəməsi ilə ciddi redaksiyaların əməkdaşlarının məvacibini ödəyirdi.
1990-cı ilin 20 yanvarında rusların güllə izlərinin də saxlanıldığı binada bəzən suyu, bəzən işığı kəsirdilər. Telekanal borc içindəydi. İşçilərin maaşı həftəyə 50, 70-80 manat arasında dəyişirdi. Söhbət peşəkar jurnalist, operator, texnik, sürücü, mühafizə və başqa əməkdaşlardan gedir. Buna baxmayaraq telekanal əməkdaşları ruhdan düşmür, hətta telekanalın 21 yaşına (1 sentyabra) hazırlaşırdılar. Daha dəqiq desək, “Lider Tv” dizlərini qatlamırdı. Çünki əsl liderlər heç vaxt təslim olmurlar.
Özüm də müxtəlif vaxtlarda (2007, 2013-2014, 2018-2020) adı çəkilən telekanalla əlaqəsi olan, çalışan biri kimi deyə bilərəm ki, “Lider Tv” əsl jurnalistlərin arzuladığı iş yeridir. Çünki burada iyrənc söz-söhbət, yaltaqlıq, vəzifə və maaş artımına görə xəbərçilik-satqınlıq və digər cılızlıqlar nəzərə çarpmayacaq qədər idi. Çox KİV-də çalışmış biri kimi, bu özəllikləri hər yana aid edə bilmərəm. “Lider tv”də tələb olunan ancaq və ancaq keyfiyyətli iş idi. 2014-cü ilədək maddi problemlər də yox idi. Di gəl ki…
Dava yorğan davasıymış…
2014-cü ildən sonra tərəqqi tənəzzüllə əvəzləndi. Bir şey ki, təcrübəli jurnalistlərin də çoxu telekanaldan ayrıldı, yaxud işdən çıxarıldı. Liderdaxili baş redaktorluq çəkşmələri gedirdi. Buna görə o vaxtkı baş redaktor İlham Abdulov işindən uzaqlaşdırıldı. Həmin aralar AzTV-nin hazırkı sədri Rövşən Məmmədov, Arb-nin indiki direktoru Radik İsmayılov kimi aparıcılar, jurnalistlər “Lider Tv”dən çıxarıldı. Ardınca Anar Şükürovu (hazırda ATV) Aynurə Vəliqızı (əməkdar jurnalist) dəyişdi. Baş redaktor kimi telekanalın son nəfəsini görmək isə “Lider Tv”nin ilk günlərini də idman jurnalisti kimi yaşamış Vasif Ağamirova nəsib oldu. Telekanalda 15-20 ilini jurnalistikaya sərf etmiş, amma jurnalistlər binasından hələ də mənzil ala bilməyən insanlar var.
Yəqin onlara telekanalın da binasını çox görürlər. Həmin işçilərdən bəzilərində Lider sevgisi olsa da, digərləri işsiz qalmamaq üçün telekanalın 250-400 manatı müqabilində klaviatura döyürdü. Yəni, əsas narahatlıq işçilərə aiddir, kanal rəhbəri uzaqbaşı hirslənə bilər, çünki həyatı həmin həyatdır.
Bəs ömrünü, karyerasını “Lider”ə bağlayan çoxsaylı jurnalistin taleyi necə olacaq?
Anar Rəhimov, Bzim.Media