Azərbaycan seysmoaktiv bölgədir. Yəni ölkəmizdə hər an zəlzələnin olması gözləniləndir. Belə olan halda baş verən yeraltı təkanlar barədə vaxtında xəbər vermək, onu öyrənib təhlil etmək çox vacibdir. Bunun üçünsə yeni seysmoloji xəritəyə ehtiyac var. Nəzərə alaq ki, ölkəmizin seysmoloji xəritəsi sonuncu dəfə 1957-ci ildə hazırlanıb.
Ötən 67 ildə isə çox şey dəyişib. Ən əsası Azərbaycanın 20 faiz ərazisi 30 ilə yaxın Ermənistanın işğalı altında qalıb. Bu müddətdə həmin ərazilərdəki seysmik stansiyalar dağıdılıb, məhv edilib. Bu səbədən də Azərbaycanın yeni seysmoloji xəritəsinin hazırlanması müşkülə çevrilib.
MÖVZU İLƏ BAĞLI:
Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
Artıq torpaqlarımız işğaldan azad olunub. Həmin ərazilərdə yenidən tədqiqat işlərinin aparılmasına və ən başlıcası yeni xəritənin hazırlanmasına imkan yaranıb.
Bəs, Azərbaycanın yeni Seysmoloji xəritəsi nə zaman hazırlanacaq?
Suala AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli cavab verib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, torpaqlarımız işğaldan azad olunduğu üçün artıq yeni imkanlar yaranır:
“İnşallah 2025-ci ildə həm Şərqi Zəngəzurda, həm də Qarabağda yeni seysmoloji stansiyaların quraşdırılmasına başlanılacaq. Bundan sonra isə müvafiq tədqiqatlar aparılacaq. Aparılacaq tədqiqatlar nəticəsində isə Azərbaycanın yeni seysmoloji xəritəsi hazırlanacaq.
Əvvəllər Cəbrayılda, Ağdamda, Kəlbəcərdə və digər rayonlarda seysmoloji stansiyalar var idi. Tədricən həmin stansiyalar yenidən bərpa olunacaq və Azərbaycanın yeni seysmoloji xəritəsi hazırlanacaq”.
Surxay Atakişiyev, Bizim.Media