Azərbaycanın ilk “yaşıl büdcəsi” – İlham Şabanın ŞƏRHİNDƏ

Azərbaycanın ilk “yaşıl büdcəsi” – İlham Şabanın ŞƏRHİNDƏ

Hazırda oxunan: Azərbaycanın ilk “yaşıl büdcəsi” – İlham Şabanın ŞƏRHİNDƏ

223061

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

İqlim dəyişikliyinin təsirləri getdikcə daha geniş miqyasda hiss olunur və bununla mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq, təmiz enerjinin istifadəsi, karbon tullantılarının azaldılması və davamlı kənd təsərrüfatı praktikalarının inkişafı kimi tədbirlər prioritet məsələyə çevrilir.

Post COP29 zamanı

Bunun ən bariz nümunəsi ölkəmizin uğurla keçirdiyi COP29 konfransını göstərmək olar. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin etməlidir. Bu irəliləyişlər həm də COP29-a hazırlıq mərhələsində Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir.

Amma Bakıda əldə edilən nəticə heç də rəvan yolla gedilən bir proses olmadı. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un təyin edilmiş  prezidenti Muxtar Babayev bu həftə “The Guardian” qəzetində dərc olunan məqaləsində sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinə toxunub və bunun Bakıda keçirilən iqlim sammitini az qala poza biləcəyini bildirib.

“COP29-un bitməsinə iki gün qalmış Qlobal Cənub ölkələri inkişaf etmiş ölkələrin 250 milyard dollar məbləğində töhfəsini nəzərdə tutan maliyyə paketini rədd etdi”, – deyə Muxtar Babayev bildirib. Bununla belə, zəngin ölkələrin müqavimətinə baxmayaraq, Azərbaycan tərəfi uzun danışıqların nəticəsi olaraq bu məbləğin 300 milyard dollara qədər artırılmasına nail oldu.

Lakin Muxtar Babayevin sözlərinə görə, hətta bu mühüm irəliləyiş iqlim dəyişikliyinin fəlakətli təsirlərini önləmək üçün tələb olunan 1 trilyon dollar həcmində minimal məbləğə çatmaq üçün kifayət etmir.

Göründüyü kimi, məsələ heç də Qərbin bir xeyli ölkəsinin COP29 sammitinə qatılmamasında deyilmiş. Özünü zəngin sayan ölkələrin əksəriyyəti də Qlobal Şimal ölkəsidir və bu zənginliyin ilk kapitalı digər ölkələrin istismarı hesabına əldə edilibsə, sonrakı mərhələsi sənayelərinin digər ölkələrdən dəfələrlə inkişaf etməsi hesabına əldə edilib. Sənayenin atmosferə atılan tullantıları isə məhz Qlobal İqlim Dəyişmələrinin əsasını təşkil edir. Bu baxımdan da günü bu gün belə zənginləşənlərin Hacı Qaralıq davranışı tamamilə anlaşılmayan bir məsələdir.

Avropanın etirafı

Yadınızdadırsa, COP29 öncəsi rəsmi Bakını “neft dövləti” kimi diqqətdə saxlayan bəzi maraqlı Qərb dairələri həmçinin belə xəbərlər də tirajlayırdılar ki, bəs Azərbaycandan alınan qaz heç də tam şəkildə Azərbaycanın deyil, orada Rusiyadan alınan yanacaq da var.

Post COP29 dövründə artıq Avropa Komissiyasının iqlim və energetika məsələləri üzrə nümayəndəsi Tim Makfi Bakıya qarşı Rusiya qazının tədarükü ilə bağlı irəli sürülən iddiaları əsassız adlandırmış və "Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır və ölkənin daha geniş milli qaz sisteminə inteqrasiya olunmayıb. Bu səbəbdən də Rusiya qazı Azərbaycan kəməri ilə Avropa İttifaqına ixrac edilmir” fikrini bəyan edib. Necə deyərlər axır ki, bu məsələni də bir NİDA işarəsi ilə bağlamağa nail olduq.

Azərbaycanın ilk “yaşıl büdcəsi”

Artıq ölkəmiz post COP29 dövrünün ilk həftəsindəcə yaşıl sahədə atacağı böyük addımları ictimailəşdirdi. Azərbaycanda iqlim dəyikiliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi istiqamətində büdcə islahatlarına başlanılıb. Bunu həftə əvvəli maliyyə naziri Samir Şərifov Milli Məclisin keçirilən plenar iclasında bəyan edib.

"Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sektoru, ekoloji profilli məqsədli büdcə fondları və 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində "yaşıl büdcə" üzrə xərclərin planlaşdırılmasına başlanılıb”, deyə Şərifov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə bu istiqamət üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək.

Nazirin dediyi mitiqasiya iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, istixana qazı emissiyalarının azaldılması siyasəti və tədbirlərini ehtiva edir. Bu istiqamətdə fəaliyyətə həmçinin alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, meşələrin bərpası, yaşıl zonaların mühafizəsi və enerjidən istifadənin intensivliyinin azaldılması, enerjiyə qənaət edən, səmərəliliyi artıran texnologiyaların tətbiqi də daxildir.

Göründüyü kimi, Azərbaycan hökuməti təkcə günəş və külək elektrik stansiyalarının saylarının və güclərinin artırılması ilə kifayətlənmək fikrində deyil. Həmçinin cari ildə start verdiyi “yaşıl dünya naminə” gərəkli olan, praktikada özünü təsdiqləmiş əksər həlləri doğma Azərbaycanımızda kompleks şəkildə həyata keçirməyi planlaşdırır.

Tullantılardan yararlanma

Onu deyim ki, bunlardan bəzilərini artıq illərdir tətbiq edirik və nəticəsi də ürəkaçandır. Söhbət Azərbaycan paytaxtında məişət tullantılarının yığılması, çeşidlənməsi, təkrar istehsalı və utilizasiyasından gedir. Nəticədə həm Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırması yönümündə addımlar atılıb, həm də qapalı sistemdə yanmaqla alınan istiliyin elektrik enerjisinə çevrilməsinə nail olunub. 
 

Təkcə ötən ildə məişət tullantılarından istifadə hesabına 223 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. Energetika nazirliyinin məlumatına görə, 2024-cü ilin 10 ayında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 192,2 mln. kVt·saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 mln kVt·saat çoxdur. 

Qeyd edim ki, son 10 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı statistikaya əsasən, Azərbaycanda atmosferə atılan tullantıların həcmi 11,6 mln ton olub və bunun da 83,8%-i və ya 9,75 mln tonu avtomobillərin havaya buraxdığı zərərli maddələr maddələr hesabına baş verib.

Neft və iqtisadiyyat

Onu da xatırladım ki, Azərbaycan hökuməti gələn il ölkə iqtisadiyyatında neft və qaz ÜDM-i payının ilk dəfə olaraq 30%-dən aşağı düşəcəyini proqnoz edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Milli Məclisin plenar iclasında bəyan edib.

Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft-qaz sektorunun payının 2025-ci ildə 71,3%-ə yüksələcəyi gözlənilir. Neft-qaz sektorunun payı isə proqnoza görə, 28,7% təşkil etməlidir. Qeyd edim ki, 2024-cü ilin yanvar-oktyabr aylarının yekunlarına əsasən, Azərbaycanın ÜDM-də neft-qaz sektorunun payı 33,64 faiz təşkil edib.

Hökumət neft-qaz sektorunun ölkənin ÜDM-də payının azalmasını neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması ilə əlaqələndirir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Milli Məclisin iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlamasından məlum olur ki, Azərbaycanda neft hasilatının təkcə cari il üçün 1 milyon ton həcmində azalacağı gözlənilir.

Nazir xatırladıb ki, 2024-cü ildə Azərbaycanda neft hasilatının həcmi 29,2 milyon ton proqnozlaşdırılır. Ötən il isə ölkədə təxminən 30,2 mln ton neft hasil edilmişdi.

Beləliklə, cari ildə neftin azalma tempi 3,3% təşkil edə bilər.

Azalan neft həcmləri

Amma ölkədə neft həcmlərinin azalması nə dünən başlayıb, nə də ondan əvvəlki il. Belə ki, Azərbaycanda neft hasilatının pik həddi 2010-cu ilə təsadüf edib – o zaman 50,8 milyon ton çıxarılmışdı.

2014-cü ildə Azərbaycanda neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon tona qədər azalıb. Yəni azalmanın səbəbi də odur ki, Azərbaycan müstəqillik illərində intensiv hasilatla məşğul olub, ən böyük neft blokundan artıq 600 mln ton neft çıxarılıb, yəni çıxarıla bilən ehtiyatlarının 65%-dən çoxu mənimsənilib. Azərbaycanda son 30 ildə 3 qaz yatağı aşkar edilsə də, yeganə açılan neft yatağı dənizdəki “Qarabağ” olub. Onu da Norveçin “Equinor” şirkəti 5 il zaman sərf edəndən sonra nədənsə, işləmək fikrindən vaz keçdi və bütün aktivlərini SOCAR-a satdı. Bu baxımdan da neft hasilatının azalması təbiidir.

Amma bu həftə neftə dair maraqlı bir açıqlama olub ki, onun baş tutacağı təqdirdə biz hələ uzun zaman neft ölkəsi kimi həm regionun, həm də dünya bazarının diqqətində qalacağıq.

Astananın neft planları

Qazaxıstan hökuməti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft tranzitini 13 dəfə artırmaq imkanını nəzərdən keçirdiyini açıqlayıb. Bunu noyabrın 25-də Qazaxıstan parlamentində həftəlik keçirilən “hökumət saatı”nda çıxışı zamanı energetika naziri Almasadam Satkaliyev bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan BTC boru kəməri ilə neft nəqlinin illik həcmini 1,5 milyon tondan 20 milyon tona çatdırmaq imkanlarını araşdırır.  Nazir bu marşrutun gələcəyindən danışarkən, Qazaxıstan neftinin BTC vasitəsilə nəqlinin həcminin artırılmasında rəsmi Astananın marağı olduğu kimi, həm də “azərbaycanlı tərəfdaşlarımız tərəfindən maraq var”, deyə söyləyib.

Bu layihənin gerçəkləsməsi üçün isə Qazaxıstan təkcə Xəzər sahilindəki Kurıq terminalını genişləndirməklə kifayətlənməyəcək, həmçinin ölkənin əsas yataqlarının cəmləşdiyi Atırau bölgəsindən Xəzər dənizi sahili boyunca təqribən 740 km-lik bir magistral kəmər də tikməyi planlaşdırır. Onu deyim ki, Azərbaycan tərəfində də müəyyən işlər aparılmalıdır ki, bu həcmdə nefti sahilyanı infrastruktur qəbul edə bilsin. 

Beləliklə, qarşıda biri-birini əvəzləyən hələ xeyli enerjili layihələr var ki, Azərbaycana dost ölkələri daha da birləşdirmək imkanlarını ortaya qoya bilər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO