Ailədə tək, yoxsa çox uşağın olması daha YAXŞIDIR?

Ailədə tək, yoxsa çox uşağın olması daha YAXŞIDIR?

Hazırda oxunan: Ailədə tək, yoxsa çox uşağın olması daha YAXŞIDIR?

222934

“Bu gün ailələrdə adətən, bir və iki uşaq olur. Belə uşaq azlığını da sosial durumla bağlayırlar. Amma bu doğru deyil. Ailədə uşağın az olması gələcəkdə daha böyük problemlərə yol açır”

Bunu Bizim.Media-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, ailədə bir və iki uşağın olması ilk növbədə gərginlik, stress yaradır:

“Amma böyük ailələrdə heç bir kapriz olmur. Hər kəs qismətinə düşənlə barışır. Üstəlik, böyük ailələrdə ədalət prinsipi olur. Həm yeməkdə, həm geyimdə və hətta gəzməyə gedəndə belə hər şey ədalətli şəkildə ailə üzvlərinin sayına görə bölünür. Ədalətli bölgü prinsipi, həm də uşaqlara ədalətli olmağı aşılayır. Artıq uşaqlıqdan, yeniyetmə vaxtlarından hər kəs bölüşməyi öyrənir.

Amma tək uşaqlı ailələrdə vəziyyət tam tərsinədir. Bütün diqqət tək uşağın istəklərinə yönəlir. Nəticədə, uşaqda kaprizlər baş qaldırır, daha hikkəli, iddialı olur. Hesab edir ki, həyatdakı gözəlliklərin hamısı yalnız onun olmalıdır. Bu olmayanda isə o aqressivləşir, ətrafına qarşı nifrət püskürür. Çünki ailədə tək böyüdüyü üçün bölüşmək nədir bilmir, ədalət hissindən uzaq böyüyür”.

Psixoloq əlavə edib ki, böyük ailələrdə uşaqlar təkcə ədalətli yox, həm də mübariz olurlar:

“Məsələn, küçədə dava olanda ilk haraya qardaş və yaxud bacı çatır. Bu harayçılıq həm də həmin uşaqda ədaləti və obyektivliyi tərbiyə edir. Böyüyüb cəmiyyətə qatılanda da həmin adamın kiminsə haqqına əl uzatmır, əksinə zəifə, yıxılana əl uzadır. Amma ailənin tək usağı tam fərqli şəkildə böyüyür. Heç kim üçün vuruşmur, heç kimə görə cavabdeh olmur. Ancaq özünü düşünür.

Mən deyərdim ki, böyük ailələrdəki uşaqlar daha vətənpərvər olur. Çünki o ailədən çıxan gənc kimin üçün vuruşduğunu və hətta öldüyünü bilir. Düşünür ki, onun mübarizəsi bacı-qardaşlarının xoşbəxt həyatına təminat yaradacaq. Bəs, tək uşaq kimin üçün vuruşmalıdır ki?! Axı, onun uğurunda öləcəyi bacı-qardaşı yoxdur”.

Müsahibimiz daha bir həssas məqama toxunub:

“Bu gün demək olar ki, hər ailənin psixoloqu var. Hər kəs uşağını psixoloqa aparır. Səbəb də müxtəlifir. Kimi deyir ki, uşaqda özünə qapanma var. Kimi deyir ki, uşaq çox aqressivdir. Kimisi də deyir ki, nitqi qüsurludur. Bütün bunların səbəbi ailədə bir və yaxud iki uşağın olmasıdır.

Əvvəllər çoxuşaqlı ailədəki uşaqlar düşüb həyətdə saatlarla oynayıb, yorğun halda evə gəlirdi. Ən azından hər gün sosiallaşırdı. Amma indi uşaqlar tək olduqları üçün sosiallaşmırlar, heç kimlə ünsiyyətdə olmurlar və bütün meyillərini telefona yaxud televizora salırlar.
 

Birtərəfli ünsiyyətsə uşaqlarda özünəqapanmaya səbəb olur. Bunun da nəticəsində bəzi uşaqların nitqi qüsurlu olur, bəziləri az ünsiyyətdə olduqları üçün münasibət qura, özlərini ifadə edə bilmir və bu da həmin uşaqlarda psixi problemlər yaradır.


Tək uşaqlar ərköyün, bölüşməyi bacarmayan, eqoist olmaqla yanaşı həm də aqressiv olurlar. Bu aqressivliksə zamanla özünü göstərir və həmin gəncə ciddi problemlər yaradır. Bir sözlə, ailədə bir və iki uşağın olması çox ciddi psixoloji və mənəvi problemlərə səbəb olur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO