Noyabrın 24-də Rusiyanın “Azimut” şirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Antalya şəhərində eniş edərkən hava gəmisində yanğın başlayıb. Təyyarədə olan 80 sərnişinin xilas edilməsində Azərbaycan vətəndaşı Sultan Sultanov böyük rol oynayıb.
Bizim.Media xəbər verir ki, o, AZƏRTAC-a açıqlamasında həmin dəhşətli hadisədən danışıb: “Təyyarə yerə enən kimi alovlandı. Bələdçi olan gənc xanım özünü itirmişdi. Mən ön cərgədə oturmuşdum, dərhal qəza qapısını açdım və sərnişinlər tüstü bürümüş salondan tələsik çıxmağa başladılar”.
Sultan Sultanov Bakının Bilgəh qəsəbəsində doğulub, orada boya-başa çatıb. Artıq 10 ildir ki, Rusiyanın Krasnodar diyarında yaşayır, meyvə-tərəvəz bazasında çalışır.
“Mən işimlə əlaqədar tez-tez xarici ölkələrdə səfərlərdə oluram. Elə bu dəfə də Misirin paytaxtı Qahirəyə səfər etməli idim. Ancaq içimdə hansısa bir hiss məni bu yolçuluqdan çəkindirirdi. Nəhayət, bilet alıb, Türkiyə tranzit olmaqla yola çıxdım. Hər təyyarəyə minəndə yuxu dərmanı qəbul edirəm, heç vaxt da əvvəlcədən oturacağım yeri qeyd etmirəm. Ancaq bu dəfə hər şey başqa cür oldu”, - deyə Sultan bildirib.
Deyir ki, təyyarə Antalya hava limanına enəndə mühərrikin alovlandığını, yanacaq çənindən yanacağın yerə axdığını görüb və vəziyyətin təhlükəli olduğunu anlayıb.
“Antalyaya enəndə sanki təyyarəni yerə çırpdılar. Sanki hansısa ilahi qüvvə məni ön cərgədəki oturacaqda əyləşdirmişdi. Təyyarə bələdçisi, gənc qız özünü itirmişdi. Mən dərhal irəli keçib qəza qapısını açdım və sərnişinlərin salonu tərk etməsinə kömək etdim. Antalya hava limanının əməkdaşları da, sağ olsunlar, cəld tərpəndilər. Yanğın qısa müddətdə söndürüldü”, - deyə o vurğulayıb.
Xatırladaq ki, noyabrın 24-də Rusiyanın “Azimut” şirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Antalya şəhərində eniş edərkən hava gəmisində yanğın baş verib. Təyyarədə olan 80 sərnişin xilas edilib. Krasnodar sakini, Azərbaycan vətəndaşı Sultan Sultanova sərnişinlərin xilas olunmasında etdiyi yardıma görə Rusiya Dövlət Duması tərəfindən minnətdarlıq məktubu göndərilib. Dumanın deputatı Dmitri Qusyev Krasnodar diyarının qubernatoru Venyamin Kondratyevə müraciət ünvanlayaraq, Sultan Sultanovun mükafatlandırılmasını xahiş edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 27.11.2024
Antalyada sərnişinləri xilas edən azərbaycanlıdan İLK AÇIQLAMA
Hazırda oxunan: Antalyada sərnişinləri xilas edən azərbaycanlıdan İLK AÇIQLAMA
Hazırda oxunan: Antalyada sərnişinləri xilas edən azərbaycanlıdan İLK AÇIQLAMA
222628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.