Son günlər yağan yağışlar səbəbindən Şamaxıda sürüşmə zonaları aktivləşib. Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, kəndlərə gedən yolun bəzi hissələrində iri miqyaslı uçqunlar qeydə alınıb.
2020-ci ilin əvvəllərində yenidən qurularaq istifadəyə verilən və uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yenidən sürüşmə baş verib. Yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib.
Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.
Sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür. Ən çox sürüşmə yolun Sis və Bədo adlanan ərazisində baş verib. Yolun hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib.
Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq iri qabarmalar əmələ gəlib. Bu yoldan yerli sakinlərlə yanaşı, istirahətə gələn turistlər də istifadə edir. Sakinlər bildirirlər ki, sürüşmə ərazisində təhlükədən xəbər verən yol nişanlarının olmaması, əsasən də dumanlı havada və axşam saatlarında yola nabələd sürücülərin qəza törətməsinə səbəb olur.
Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir, uçqunların miqyası günü-gündən böyüyür.
19 saylı xüsusi təyinatlı yol istismar MMC-nin baş mühəndisi Kənan Babaşov Bizim.Media-ya bildirib ki, son zamanlar yağan intensiv yağışlar bütün sahələrə öz təsirini göstərdiyi kimi yol infrastrukturuna da təsirsiz ötüşməyib:
“Buna baxmayaraq, əlverişli hava şəraitini gözləyirik. Hava şəraiti stabilləşəndən sonra zərər görmüş ərazilərdə təmir-bərpa işləri görüləcəkdir”.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 km aralı məsafədə yerləşir.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:25 / 26.11.2024
Şamaxıda 4 kəndi birləşdirən avtomobil yolu ÇÖKDÜ - FOTO
Hazırda oxunan: Şamaxıda 4 kəndi birləşdirən avtomobil yolu ÇÖKDÜ - FOTO
Hazırda oxunan: Şamaxıda 4 kəndi birləşdirən avtomobil yolu ÇÖKDÜ - FOTO
222522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.