AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XIV turunun oyunlarında qeydə alınan mübahisəli epizodları şərh edib.
Bizim.Media xəbər verir ki, belçikalı funksioner bununla bağlı AFFA-nın rəsmi saytına açıqlama verib.
Bleker Kəpəz” – “Araz-Naxçıvan” matçında oyundankənar vəziyyət səbəbindən 8-ci və 75-ci dəqiqələrdə vurulmuş qolların ləğv edilməsinin düzgün qərar olduğunu bildirib.
O, “Səbail” və “Qarabağ” komandaları arasındakı görüşdə təyin olunmayan penalti epizodunu belə şərh edib: “Matçın 90+3-cü dəqiqəsində hakim penalti təyin etmədi. Çünki “Səbail”in futbolçusu Azad Əsgərovun “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia ilə mümkün təması çox zəif idi. Buna baxmayaraq, Benzia asanlıqla yerə yıxıldı. VAR bu vəziyyəti yoxladı və hakimin qərarını təsdiqlədi”.
Komitə sədrinin sözlərinə görə, “Neftçi”nin “Zirə” ilə matçın 68-ci dəqiqəsində vurduğu qol zamanı top meydanı tərk etməmişdi: “VAR bu vəziyyəti yoxladı və qolu qeydə aldı”.
Belçikalı funksioner “Sumqayıt” – “Şamaxı” görüşünün 74-cü dəqiqəsində təyin olunan penaltinin doğru qərar olduğunu söyləyib: “Künc zərbəsindən sonra cərimə meydançasında əllə oyuna görə VAR müdaxilə etdi. Top “Şamaxı”nın oyunçusu İlkin Muradovun əlinə dəymişdi. Futbolçunun əli qeyri-təbii vəziyyətdə, çiyin üzərində və bədəndən aralı idi. VAR müdaxiləsi və hakimin penalti qərarı doğrudur”.
Bizim.Media