“Qida təhlükəsizliyinin təmin olunması ilk növbədə heyvan sağlamlığının və zoonoz infeksiyalara qarşı mübarizənin həyata keçirilməsi nəticədə insanlara da yoluxa bilən xəstəliklərin qarşısının alınmasına səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ikinci vacib məqam antibakterial preparatların tətbiqi zamanı beynəlxalq standartlardan doğru istifadə olunması məsələsidir:
"Antibakterial preparatlar, eyni zamanda, heyvan və quş yemlərində də istifadə olunur. Bu zaman yemin təhlükəsizliyinin nəzərə alınması, nəticədə həmin yemlərin tətbiq olunduğu heyvan və quşlardan və beləliklə, insanların sağlamlığına təsir edə biləcək amillər müzakirə olundu".
Agentlik sədri qeyd edib ki, kənd təsərrüfatı sektorunda istifadə olunan aqrokimyəvi preparatların da insan orqanizminə təsiri beynəlxalq ekspertlər tərəfindən diqqətə çatdırılıb:
"Bir daha qeyd etmək istəyirəm ki, həm heyvan, həm bitki sağlamlığı, həm də qida təhlükəsizliyi və ətraf mühit amilləri, nəticədə insan sağlamlığına birbaşa təsir edən əsas faktorlardır. Ona görə də adını sadaladığımız bütün bu ardıcıllıqlar dövri olaraq nəzərə alınmalıdır ki, sonda insanların sağlamlığına təsir göstərə biləcək faktorların hamısı aradan qaldırılsın".
Günay Şahmar, Bizim.Media