Ötən il ölkə üzrə arıçılıq təsərrüfatlarının əksəriyyəti xəstəliklərdən əziyyət çəkmiş, xeyli arı ailələri məhv olmuş, istənilən miqdarda bal əldə edə bilməmişdilər.
Bəs bu il vəziyyət necədir? Arı ailələri qarşıdan gələn sərt qış aylarına necə hazırlanır?
Bizim.Media-nın yerli bürosu Qəbələdə aqroturizmin əsas qolunu təşkil edən bu sahədə hansı işlərin görüldüyünü araşdırıb.
Qəbələdə qış qapını döyür, havalar hər gün soyuyur, ağacların yarpaqları tökülür. Rayonda qış hazırlıqları çoxdan başlayıb. Arı ailələrində ötənilki xəstəliklərdən sonra bu il rayon arıçıları işlərinə daha ciddi və məsuliyyətlə yanaşır.
Arıçı Leyla Məmmədova 30 ildən artıqdır arıçılıqla məşğuldur. Ölkəmizdə ilk arıçı qadınlardan olan Leyla Məmmədova təsərrüfatında Boz Qafqaz arılarına üstünlük verir. O, təsərrüfatında heç zaman xaricdən gətirilən arılara yer verməyib. Məhz bu səbəbdəndir ki, ötənilki xəstəliklər bu xanımın təsərrüfatına ciddi zərər vura bilməyib. Leyla xanım bildirir ki, arıları ən çox məhv edən gənədir.
O, bu məqsədlə 14 gündən bir gənəyə qarşı iki dəfə dərmanlama aparıb və müsbət nəticə əldə edib:
“Arı ailələrinə qış yemləməsi - şərbət verəndə özümüzün yetişdirdiyi lavandadan daha çox bəhrələnirik. Belə ki, həmin lavandadan dəmləyirik, lavandanın suyunda şərbət hazırlayırıq, içinə acı yovşan və kəklikotu da qatıram. Kəklikotu da arıların mədə-bağırsağını təmizləyir ki, onlar qışı rahat keçirtsin. Belə olanda sağlamlıq yüksək səviyyədə olur. Bizim arılarda qışda ölüm itkisi olmur”.
Leyla xanım arıçı həmkarlarına tövsiyyə edir ki, arı yeşiyinin içində balı yarıbayarı saxlamaq lazımdır. Bu halda arılar öz ballarından faydalanaraq yaza daha sağlam və enerjili çıxırlar.
Həzrə kənd sakini Asim Məmmədov da gözünü arıçı ailəsində açıb və dədə-babadan arıçılığın sirlərini öyrənib.
Ömrünün ahıl çağlarını yaşayan Asim kişi arılarda xəstəliklərin əsasən köç zamanı baş verdiyini, xüsusən bu halların xaricdən gətirilən arılarda müşahidə edildiyini bildirir. Müsahibim bildirir ki, o təsərrüfatında Boz Qafqaz arıları bəsləyir və müalicələrini də vaxtlı-vaxtında apardığından təlafat da nəzərə çarpmayacaq qədər az olur.
Son beş ildə Qəbələdə arı ailələrinin sayının dörd dəfəyə yaxın artdığını deyən rayon Arıçılar Birliyinin sədri Anar Məmmədov ötənilki xəstəliklərdən sonra bu il Türkiyə və Rusiyada seminarlara qatıldıqlarını, xeyli təcrübə qazandıqlarını qeyd edir.
“Arıçılarımızla mütəmadi olaraq münasibətdəyik, əlaqələr qururuq, qışa hazırlıqla bağlı müəyyən məsləhətlər veririk, arıların yemlənməsi, dərmanlanması istiqamətində daim onlarla işgüzar görüşlər davam edir. Məsələn, beş il əvvəl Qəbələ rayonunda arı sayı 3 min civarında idisə, artıq 12 min civarında arı ailəsi ilə 600-ə yaxın arıçımız işləyir” - deyən Anar Məmədov onu da diqqətə çatdırır ki, qarşıdakı aylarda da təcrübələrini artırmaq məqsədi ilə yerli arıçılar üçün təlim və seminarlar təşkil olunacaq, Türkiyə və Rusiya arıçılarının təcrübələrindən faydalanacaqlar.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu