Azərbaycanda talassemiyalı xəstələrin sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) 2023-cü ilə aid məlumatına görə, tibb müəssisələrində qeydiyyatda olan talassemiya xəstələrinin sayı 4916 nəfərdir. Onların 2361 nəfəri yetkinlik yaşına çatmayanlardır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda talassemiya xəstələrinin SAYI artıb - RƏSMİ
2022-ci ildə isə ümumi talassemiya xəstələrinin sayı 4096, 17 yaşına çatmamış talassemiyalı şəxslərin sayı isə 1967 nəfər idi.
Ötən il 385 nəfərə, 2022-ci ildə isə 320 nəfərə ilk dəfə talassemiya diaqnozu qoyulub.
Talassemiya xəstəliyi nədir?
Talassemiyalı insanların normalda olduğundan daha az hemoqlobini və çox az qızrmızı qan hüceyrəsi olur. Müalicəsi mövcuddur, buna baxmayaraq ağır nəticələri də olur.
Talassemiya xəstəliyinin artmaması üçün hansı addımlar atılır?
Xəstəlik irsidir və yayılmasının qarşısını almağın yollarından biri nikah öncəsi tibbi müayinənin aparılmasıdır. 2015-ci ildən ölkədə nikaha girəcək cütlüklər məcburi şəkildə müayinə olunurlar. Əgər iki talassemiya daşıyıcısı evlənirsə, onların uşaqlarının daşıyıcı olma ehtimalı 50 faiz, talassemiyalı olma ehtimalı isə 25 faizdir. Həmçinin, sağlam doğulma ehtimalı da 25 faiz təşkil edir. Əgər iki talassemiyalı nikaha girərsə, bu nikahdan dünyaya gələn körpə eyni xəstəliklə doğulacaq. Yəni körpə atadan və anadan bu xəstəliyi irsən alır.
Həmçinin, ölkəmizdə irsi xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə bu il yaxın qohumların nikahı qadağan edilib. Yəni əmi, xala, bibi və dayı uşaqlarının evliliyi mümkün deyil.
Talassemiya xəstələrinin müalicəsi necə aparılır?
Statistik rəqəmlərə görə, hazırda 5 minə yaxın talassemiyalı xəstələr tibb müəssisələrində qeydiyyatdadır və onlar davamlı müalicə olunurlar. Xəstəliyin yeganə radikal müalicə metodu sümük iliyinin transplantasiyasıdır.
Talassemiya xəstələrinin müalicəsi icbari tibbi sığrta hesabına aparılır?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, xidmətlər zərfi ilə təminata alınmayıb.
“Bu tibbi xidmət xüsusi Dövlət Proqramı ilə həyata keçirilir”.
Qeyd edək ki, Nazirlər Kabineti 2006-cı ildə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nı təsdiq edib. Bundan sonra qəbul edilən dövlət proqramları talassemiya xəstələrinin sağlamlıq vəziyyətlərinin yaxşılaşmasına yönəlib. Proqrama əsasən, talassemiyalı xəstələrə dərman preparatları pulsuz verilir, qan və sümük iliyinin köçürülməsi əməliyyatları təmənnasız olunur.
Xatırladaq ki, 2009-cu ildə Heydər Əliyev Fondun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Talassemiya Mərkəzi inşa edilib.
Günay Şahmar, Bizim.Media