Uzun müddətdir 8 Noyabr prospekti əsaslı təmir olunur. Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində təmir işlərinə mayın 23-dən etibarən start verilib və mərhələli şəkildə işlər davam etdirilir.
Prospekt boyunca 8 zolaqlı (4 gediş, 4 gəliş) hərəkət hissəsinin, ümumilikdə 10 km-ə yaxın velosiped zolağının, bufer zonasının və səkilərin tikilməsi işləri yerinə yetirilir.
MÖVZU İLƏ BAĞLI:
8 Noyabr prospektində əsaslı təmir işləri yekunlaşmaq üzrədir – FOTO/VİDEO
Həmçinin, prospektə yol hərəkətini nizamlamaq üçün bir neçə işıqfor quraşdırılıb. İşıqforların quraşdırılmasından xeyli müddət keçsə də, işlək vəziyyətə gətirilməyib. Yeniliklərə görə, prospektin bəzi hissəsində yol hərəkətini quraşdırılan işıqforlar tənzimləyəcək. Buna görə də işıqforların işə düşməməsi sürücü və piyadaların işini çətinləşdirir.
Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq son texniki tamamlanma işlərinin aparıldığı bildirilib:
“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospekti üzrə bir neçə kəsişmədə yeni svetoforların quraşdırılması işləri görülür. Onlardan hazırda 63 saylı tam orta məktəbin yaxınlığında quraşdırılan svetofor istifadəyə verilib. Digərlərində isə son texniki tamamlanma işləri aparılır. Yaxın günlərdə həmin svetoforların işə salınması nəzərdə tutulur”.
Günay Şahmar, Bizim.Media