44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş Mehdi Qənbərlinin xatirəsi Lənkəran rayonunun Osakücə kəndində qeyd edilib.
Bizim.Media xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, kənd sakinləri, qazilər, şəhid ailələri və kəndin rəsmi nümayəndələri iştirak ediblər.
Xatirə tədbirində şəhidin döyüş yoldaşları və yaxınları Mehdi Qənbərli haqqında xatirələrini bölüşüblər. Onun doğulduğu evdə yaradılan ev-muzeyinə toplaşanlar Mehdi ilə bağlı xatirələri yada salıblar.
Tədbir iştirakçıları daha sonra qəhrəman şəhidin məzarını ziyarət edərək, onun ruhuna dualar oxuyub və məzarını təzə-tər çiçəklərlə bəzəyiblər.
Qeyd edək ki, Mehdi Qənbərli Sübhi oğlu 27 avqust 2001-ci ildə Osakücə kəndində anadan olub. O, 2018-ci ildə Lənkəranın Tatoba kənd tam orta məktəbini bitirib və 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edən Mehdi Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 3 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalan Mehdi Qənbərli "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sabutay, Bizim.Media, Cənub bürosu