Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ötən proses təqsirləndirilən Bayram Bayramovun verdiyi vəsatətə dövlət ittihamçısı münasibət bildirib.
Bayram Bayramov ötən proses Ülfət Abbasquliyev, Xalid Məmmədov, Rəşad Salmanov, Bəxtiyar Əliyev, Orxan Cavadlı, Hamlet Allahverdiyev, Rüfət Quliyev, Namiq Məmmədov, Əli Hümbətzadə, Cavid Eyvazov, Fərrux Xəlilov, Xəyal, Ələmdar, Bəhruz və Gəncədə yerləşən “N” saylı hərbi hissənin mənzil istismar xidmətinin rəisinin dindirilməsini tələb edib. O iddia edib ki, həmin şəxslərdən hərbi hissə komandirləri olmuş Xalid Məmmədov və Rəşad Salmanovun xərclərinə hər ay pullar verib. Təqsirləndirilən həmçinin Beyləqan rayonunda yerləşən “Real market” ərzaq mağazası və “Zirvə” hədiyyələr və dəftərxana ləvazimatları mağazasına 24 ay ərzində 48 min manat vəsait ödənilib. Onun ifadəsinə görə, mağazadan məhsulları sürücülər, aşpazlar və hərbi hissənin mühasibi Rüfət Quliyev götürüb.
Dövlət ittihamçısı bildirib ki, Bayram Bayramovun vəsatətinin hazırkı işin mahiyyətinə aidiyyəti yoxdur. “Bayram Bayramovda cinayət faktları varsa, həmin sənədlərlə özü də, zərurət yaranarsa məhkəmə öz təşəbbüsü ilə istintaq orqanına müraciət edə bilər”.*
Məhkəmə qərara alıb ki, Bayram Bayramovun göstərdiyi ərizədə qeyd olunan cinayət xarakterli faktların mövcudluğu nəzərə alınaraq araşdırılması üçün istintaq orqanına göndərilsin, bu hallar araşdırılsın, hüquqi qiymət verilsin.
Prosesdə daha sonra Bayram Bayramovun vəsatəti əsasında Müdafiə Nazirliyinə göndərilən sorğuya gələn cavab səsləndirilib.
Cavabda qeyd olunub ki, 2020-ci ilin sentyabr-dekabr ayları ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırılan şəxsi heyətə əməkhaqqı və digər xərclər ödənişlər edilib.
Həm Bayram Bayramov, həm də vəkili verilən cavabla razı olduqlarını bildiriblər.
Prosesdə hakim indiyə qədər ödənilmiş zərərlə bağlı istintaq orqanına sorğu göndərdiklərini bildirib: “İstintaq orqanı ödənişlərin olduğunu, yaxın günlərdə sorğuya cavab verəcəklərini qeyd edib”.
Növbəti proses noyabrın 15-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media