Həyətində tikinti işləri aparmaq istəyən vətəndaşlara maraqlı olan əsas məqamlardan biri də məhz bununla bağlı icazələrdir. Vətəndaşlar fərdi evlərin tikintisi zamanı nələrə diqqət ediilməli olduğuna dair məlumatlara sahib deyillər.
Tikinti və yenidənqurma işlərinin hansı növləri üçün dövlət orqanlarından icazə alınması tələb olunur?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Aytac Qurbanova bildirir ki, müvafiq qanunlar, xüsusən Şəhərsalma və Tikinti Məcəlləsi, tikinti fəaliyyətinin qanunauyğun aparılması üçün mülkiyyət sənədinin mövcudluğunu tələb edir:
MÖVZU İLƏ BAĞLI:
Bakının bu rayonlarında evlər söküləcək: Sakinlərə veriləcək məbləğ AÇIQLANDI
“Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mərtəbələrinin sayı üçdən çox olmayan və hündürlüyü 12 metr, aşırımlarının uzunluğu 6 metrədək olan fərdi yaşayış evlərinin tikintisi xüsusi tikinti icazəsi tələb etmədən həyata keçirilə bilər. Bu hallarda vətəndaşlar məlumatlandırma icraatı çərçivəsində müvafiq yerli icra hakimiyyəti orqanına müraciət edirlər.
Məlumatlandırma icraatı çərçivəsində vətəndaş torpaq sahəsinə dair çıxarışın surəti, eləcə də tikinti layihəsinin memarlıq-planlaşdırma sənədlərini (otaqların sayı, ölçüləri, mərtəbələrin və dam örtüklərinin planları daxil olmaqla) təqdim etməlidir. Bu ərizə məlumatlandırma xarakteri daşısa da, vətəndaşın tikinti işlərinə başlaması üçün hüquqi əsas yaradır.
Qanunvericiliyə əsasən, müraciət yerli icra hakimiyyəti orqanına çatdıqdan sonra 10 gün ərzində hər hansı irad bildirilmir və ya cavab verilməzsə, müraciətə səssiz razılıq prinsipi tətbiq olunur və vətəndaş tikinti işlərinə başlaya bilər. Bu müddət ərzində cavab verilməməsi, qanunvericilik baxımından, layihənin təsdiqləndiyi anlamını daşıyır. Əgər dəyişikliklər daxili təmir və dekorasiya ilə məhdudlaşırsa, əlavə icazə tələb olunmur”.
Hüquqşünas qeyd edib ki, struktur dəyişiklikləri və ya yeni obyektlərin inşası planlaşdırılırsa, dövlət orqanlarından müvafiq icazənin alınması zəruridir:
Bu icazə proseduru şəhərsalma siyasətinə uyğunluğun təmin edilməsi və ictimai təhlükəsizliyin qorunması məqsədini daşıyır.Tikinti işləri zamanı ekoloji və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsi qanunvericilikdə xüsusi qaydalarla müəyyən olunub. Tikinti layihəsi ətraf mühitin qorunması və yanğın təhlükəsizliyinin təmin olunmasını nəzərə almalıdır. Bu tələblərə əməl olunmaması halında məsuliyyət tədbirləri görülə bilər.
Tikinti işləri başa çatdıqdan sonra, vətəndaş tikinti obyektinin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq icra orqanına müraciət etməlidir. Bu, tikintinin qanuni əsaslarla aparıldığını və obyektin istifadəyə yararlı olduğunu təsdiq edir. Əgər tikinti işləri qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun aparılmayıbsa, dövlət reyestrinə daxil edilməzdən əvvəl əlavə prosedurlar və icra orqanları tərəfindən təsdiqlər tələb oluna bilər”.
Maraqlıdır ki, tikinti işləri sonradan qanuniləşdirilə bilərmi?
“Bəzi hallarda tikinti işləri qanunauyğun aparılmadıqda belə, faktiki olaraq sanitar və təhlükəsizlik normalarına uyğun gəlirsə, icazəsiz işlər sonradan qanuniləşdirilə bilər. Lakin ciddi struktur dəyişiklikləri və təhlükəsizlik tələblərinin pozulması halında qanuniləşdirmə mümkün olmur və cərimələr tətbiq edilə bilər”,- deyə Aytac Qurbanova cavablayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media