Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad oluna bilər.
MÖVZU İLƏ BAĞLI:
Qiymətlərdə PARADOKS - Dərmanlar Tarif Şurasının təyin etdiyi həddən BAHA satılır?
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində çalışan şirkətlərin, bu sektoru təmsil edən “Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə növbəti görüş keçirilib.
Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.
Sonda sahibkarların konkret təkliflər hazırlayaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim etməsinə dair razılıq əldə olunub.
Dərmanlar ucuzlaşacaq?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşviq Məmmədli bildirib ki, bəzi dərman preparatlarının ƏDV-dən azad olunması məsələsi müzakirə mərhələsindədir:
“Xüsusən də, nadir xəstəliklərdə istifadə olunan dərman preparatları və bəzi xroniki xəstəliklərdə istifadə olunan vasitələrlə bağlı müzakirələr aparılır. Burda bir çox məsələlər var ki, hər baxımdan qiymətləndirilməsi vacibdir. Bunlar iqtisadi maraqlarla yanaşı əhalinin sağlamlığı məsələsidir.
Məlum olduğu kimi, nadir xəstəliklərə qarşı istifadə olunan dərmanlar bir qayda olaraq xaricdən idxal edilir. Üstəlik, həmin dərmanların qiymətləri kifayət qədər yüksəkdir. Bu da o deməkdir ki, bu dərmanlar sosial vəziyyəti yaxşı olmayan vətəndaşlarımız üçün əlçatan deyil. Ona görə də həmin dərmanların ƏDV-dən azad olunması qiymətlərin xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Həm də dərmanlar əlçatan olacaq.
Hər kəs apteklərdən həmin dərmanları əldə edə biləcək. Bundan əlavə, güzəşt xroniki xəsətələrin istifadə etdiyi dərmanlara da şamil olunacaq. Sirr deyil ki, ölkəmizdə xroniki xəstəlikdən əziyyət çəkən çox sayda soydaşımız var. Ona görə də bu addım alqışlanmalıdır. Hələlik məsələ müzakirə mərhələsindədir. Hesab edirəm ki, ən yaxın zamanda məsələ hökumətin müzakirəsinə təqdim ediləcək və qəbul ediləcək qərarla əhalinin sağlamlığına böyük bir töhfə verilmiş olacaq”.
Surxay Atakişiyev, Bizim.Media