2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
Bizim.Media 44 günlük Vətən müharibəsinin 33-cü gününün xronologiyasını təqdim edir.
• Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti xeyli itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun iki T-72 tankı, iki BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və altı avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
• Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin videogörüntülərini yayıb.
• Ermənistan ordusunun yüksəkrütbəli bir neçə zabiti məhv edilib.
• Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı hərbi sursatın, zirehli texnikanın və avtomobillərin videogörüntüsünü paylaşıb.
• Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq, sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası, hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb. Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilir - infoqrafika.
• ANAMA: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb.
• Azərbaycan Ordusunun bölmələri Bərdədə mülki infrastruktur və dinc əhalimizi atəşə tutan düşmən bölmələrini, işğalçı ordunun qüvvə və vasitələrini darmadağın ediblər.
• Hava Hücumundan Müdafiə bölmələrimiz Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsini məhv ediblər.
• Ermənistanın terror hücumları nəticəsində sentyabrın 27-dən oktyabrın 29-u saat 13:00-dək həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
• Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olublar.
Bizim.Media