“TƏBİB tabeliyində olan bir çox xəstəxana və poliklinikalarda qazilərə yardım adı ilə həkimlərdən pul yığılır”.
Bizim.Media xəbər verir ki, belə bir iddia ilə “Azərbaycan Həkimləri” İctimai Birliyinin sədr müavini Aydın Əliyev çıxış edib. O, özünün “Facebook” səhifəsində yazıb ki, bəzi xəstəxanalarda həkimlərdən müxtəlif adlarla aylıq pullar yığılır:
MÖVZU İLƏ BAĞLI:
Sağlamlığımıza nə qədər pul xərcləyirik? – TƏZADLI VƏZİYYƏT
“Həkimlərə A4 kağızlar, EKQ və USM lentləri, əlcək və s. sərfiyyat materiallarını pulla aldırılır. Bir çox həkimlərin hələ də mart ayı üçün bonusları verilməyib. TƏBİB yığışdırın bu biabrçılıqları! Bütün bu və digər qeyd etmədiyim saysız hesabsız neqativ hallar səbəbindən gənc həkimlər sürətlə ölkəni tərk edir. Yaxın gələcəkdə tibb sahəsində mövcud olan çox ciddi kadr böhranı daha da dərinləşəcək”.
Səslənən fikirlərlə bağlı TƏBİB-in mövqeyini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, pul yığmaq barədə fakt varsa təqdim edilsin araşdıraq:
“Hansı tibb müəssisəsində olub, hansı tarixdə olub və s. kimi məlumatlar varsa iddiaçı tərəf zəhmət olmasa təqdim etsin”.
Fakt tələbinə cavab olaraq Aydın Əliyev qeyd edib ki, bunu TƏBİB özü araşdırmalıdır:
“TƏBİB bilmir ki, mart ayının bonusları bir çox həkimlərə hələ də ödənilməyib?! May ayının bonuslarını isə həkimlərin 90 faizi almayıb. O ki, qaldı müxtəlif adlarla həkimlərdən pul yığmağa. Onu da dəqiqləşdirmək çətin deyil. Anonim şəkildə xəstə adı ilə həkimlə həmsöhbət zamanı onlar bütün nöqsanları sadalayacaqlar. Bundan artıq mən nə fakt verim?!”
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media