Sağlamlığımıza nə qədər pul xərcləyirik? – TƏZADLI VƏZİYYƏT

Sağlamlığımıza nə qədər pul xərcləyirik? – TƏZADLI VƏZİYYƏT

Hazırda oxunan: Sağlamlığımıza nə qədər pul xərcləyirik? – TƏZADLI VƏZİYYƏT

218133

İnsan üçün ən vacib olan nemət can sağlığıdır. Bu haqda çox danışsaq da, nəticə heç də ürək açan deyil. Çünki əksər insanlar bəlkə də ən sonda sağlamlıqları haqqında düşünür.

Ümumiyyətlə, cəmiyyətimizin böyük qismi sağlamlıqları ilə bağlı plan qurmurlar. Məsələn, əksər insanlar istirahətləri ilə bağlı planlama aparmırlar. İllərlə məzuniyətə çıxmadan çalışırlar. Bəzi özəl sektorda hətta ay ərzində istirahət günü belə verilmir. Təbii ki, bu da insanlarımızın sağlamlığına bilavasitə təsir edir.

Çox təəssüf ki, dövlət tərəfindən də adambaşına düşən səhiyyə xərcləri çox aşağıdır.
 

MÖVZU İLƏ BAĞLI:

9 ayda 62 milyona yaxın insan xəstəxanalara ÜZ TUTUB – Müraciətlərin çoxalmasına SƏBƏB nədir?


Məsələn, 2023-cü ildə səhiyyə sahəsinə 1 milyard 722 milyon 138 min 576 manat vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində isə səhiyyə xərcləri üçün 1 milyard 871 milyon 3 min manat vəsait nəzərdə tutulub. Bu da o deməkdir ki, 2024-cü ildə ölkəmizdə adambaşına düşən illik səhiyyə xərci cəmi 183 manatdır.

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə region ölkələri arasında sonuncu sırada yer alıb. 93 ölkənin yer aldığı Beynəlxalq reytinq siyahısında Azərbaycan 90-cı sırada qərarlaşıb. Səhiyyə xidmətlərinin səviyyəsinə görə Azərbaycan yalnız Banqladeş, İraq və Venesueladan öndə olub.

Halbuki, adambaşına mütləq ifadədə ən çox pul xərcləyənlər ABŞ (10 243 dollar), İsveçrə (9 903 dollar), Norveç (8 102 dollar), Bermud adaları (7 027 dollar) və Qrenlandiya (6 559 dollar)dır. Qlobal orta qiymət 1048 dollardır.

Azərbaycanda 2023-cü ildə ölkədə 123,0 milyard manatlıq ÜDM istehsal olunub. Bu da o deməkdir ki, səhiyyə xərcləri ÜDM-nin yalnız 1,1 faizi qədərdir. Dövlət büdcəsində isə səhiyyə ümumi xərclərin 5 faizə yaxındır.

Bəs Azərbaycanda bir şəxs orta hesabla sağlamlığı üçün nə qədər vəsait xərcləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən həkim Abbas Bağırov deyib ki, ölkəmizdə insanların sağlamlığına xərclədiyi pul nisbi xarakter daşıyır:

“Bəzi insanlar heç sağlamlıqları haqqında düşünmür. Praktika göstərir ki, insanlar ən son anda həkimə müraciət edir. Tibbi sığorta xətti ilə müraciətlər çoxdur. Bu da pulsuz olduğu üçün belədir. Amma insanlar davamlı olaraq tibbi müayinədən keçmir, şəxsi həkimlərə çox nadir hallarda müraciət edirlər. Müraciətlərsə çox zaman gec olur. Bu da yəqin ki, maddi durumla bağlıdır”.

“Kimin pulu varsa, sağlamlığının qeydinə qalır”

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycandakı imkanlı şəxslər öz müalicələrini əsasən xarici ölkələrdə həyata keçirirlər:

“Orta təbəqə isə öz qazanclarına uyğun və ən əsası vacib olanda sağlamlıqlarına pul ayırırlar. İmkansız insanlarsa sağlamlıqları barədə heç düşünmürlər. Onlar ancaq gündəlik qayğıları ilə məşğul olurlar. Yəni ölkəmizdəki insanlar üçün sağlamlıqla bağlı “qızıl standart” yoxdur. Hərənin bu məsələyə yanaşması tam fərqlidir.

Bu məsələ bilavasitə maddiyyata bağlıdır. Kimin pulu varsa, sağlamlığının qeydinə qalır, kimin pulu yoxdursa, bu problemi ertəliyir. Onu da qeyd edək ki, sağlamlıq problemi təkcə həkimə getməklə bitmir. Sağlam həyat tərzi keçirmək üçün bir sıra tədbirlər görmək lazımdır. İstirahətə, gəzintiyə və idmana xüsusi zaman, pul ayrılmalıdır. Bizdə isə yalnız əhalinin imkanlı təbəqəsi bunu edə bilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO