Kürdəmirdə eyni ərazidə iki yol-nəqliyyat hadisəsi baş verib, 7 nəfər xəsarət aldı.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü Yevlax rayon sakini 34 yaşlı Əkbərli Qabil Famil oğlu Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə çırpılıb.
Daha sonra arakəsmədən qopan beton parçaları yolun digər hissəsinə tökülüb. Bu zaman əks yolda hərəkət edən LADA markalı avtomaşın beton parçalarına çırpılıb.
Qəza zamanı “Mercedes”də olan 3 nəfər Yevlax rayon sakinləri sürücü Qabil Əkbərli və onun sərnişinləri 44 yaşlı Bəhmənli Amirə Vidadi qızı və 67 yaşlı Alxanova Gülsüm İbrahim qızı, LADA markalı avtomaşında olan 4 nəfər sürücü - 48 yaşlı Şüküralıyev Alim və onun sərnişinləri sürücünün qardaşı 51 yaşlı Şüküralıyev Asif Hüseynalı oğlu, 41 yaşlı Mehdiyev Həsrət Nüsrət oğlu, 44 yaşlı Qasımov Emil Rəhim oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki,qəza zamanı yol infrastrukturuna xeyli ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim Media, Aran bürosu