“Gələcəklə bu günün harmoniyası Yaşıl Steam Azərbaycan” festivalının açılışı baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına START VERİLDİ – FOTO
Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır.
Eyni zamanda festival BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yolları və layihələrin hazırlanmasını təşviq etmək məqsədini daşıyır.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. STEAM Azərbaycanın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-ın tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.
Builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb və onlardan 146-sı 15 ölkəni təmsil edir. Məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edir. Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq ki, onlar da “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və s. kimi mövzuları əhatə edəcək.
Festival 24-25 oktyabr tarixlərində keçiriləcək.
Hürü Əliyeva, Bizim.Media