Daşkəsəndə baş verən partlayış nəticəsində xəsarət alan şəxsin son durumu açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Daşkəsəndə evdə PARTLAYIŞ: Xəsarət alan var
Bu barədə Bizim.Media-nın yerli bürosuna Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinin həkimi Yeganə Həsənova məlumat verib.
“Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Sadıqov Nadir Telman oğlu 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib. Pasiyentə zəruri tibbi yardım göstərilib”.
Onun sözlərinə görə N.Sadiqovun hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu gün gecə saatlarında Daşkəsən şəhərinin M.Əsədov küçəsində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış baş verib. Hadisə yerinə FHN Daşkəsən şəhər yanğından mühafizə bölməsinin, hüquq-mühafizə orqanlarının, təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu