İcra Hakimiyyətlərində büdcə dağıdan komissiyalar – Qəyyumluq nə işə yarayır? 

İcra Hakimiyyətlərində büdcə dağıdan komissiyalar – Qəyyumluq nə işə yarayır? 

Hazırda oxunan: İcra Hakimiyyətlərində büdcə dağıdan komissiyalar – Qəyyumluq nə işə yarayır? 

21745

Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı sahəsindəki problem həllini tapmır. Hazırda ölkədə valideyn himayəsindən və qayğısından məhrum olan, ayrı-ayrı şəxslərin zorakılığına məruz qalan kifayət qədər uşaq var. Fiziki və mənəvi cəhətdən əzilən, baxımsızlıqdan əziyyət çəkən belə uşaqların hüquqları ciddi şəkildə pozulur. 

Bu günlərdə Abşeron rayonunda ana qayğısından kənar 4 baxımsız uşağın sığınacağa verilməsini nümunə gətirə bilərik. Ölkədə həmin aqibəti yaşayan yüzlərlə uşaq var. Hansı ki, belə hallar yalnız media və ictimaiyyət qabardarkən ortaya çıxır.
 

MÖVZU İLƏ BAĞLI:

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq


Halbuki Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsini müxtəlif qurumlar həyata keçirir. 

Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya fəaliyyət göstərir. Bu günlərdə həmin komissiyanın 11 nəfərdən ibarət yeni tərkibi formalaşıb.

Bundan əlavə sözügedən komissiyanın hər bir rayon icra hakimiyyətində eyniadlı struktur bölməsi fəaliyyət göstərir.

Komissiyanın əsas vəzifəsi uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək və nəticələri qiymətləndirməkdir. Bundan başqa, sözügedən qurum uşaqların vəziyyətinə dair müzakirələr keçirir, uşaq hüquqlarının təmin edilməsi sahəsində hazırlanmış dövlət proqramlarına, milli fəaliyyət planlarına, irihəcmli layihələrə dair rəy bildirir, uşaq müəssisələrində monitorinqlər aparır. 

Ekspertlər bu komissiyaların formal xarakter daşıdığını düşünürlər. Uşaq hüquqları ilə məşğul olan QHT-lər isə bütün hesabatlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın fəaliyyətini tənqid edirlər.

Görünən odur ki, heç bir rayonda komissiyaların işində aktivlik sezilmir. Belə demək mümkündürsə, sözügedən komissiya və ya onun üzvləri hansısa küçədə atılmış uşağa yalnız təəssüflə baxır. 

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında deyib ki, bu günlərdə Abşeron rayonu Xırdalan şəhərində 4 uşaq baxımsız uşağın anasından alınıb sığınacağa verilməsi rayon icra hakimiyyətlərində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara bir nümunə olacaq:

“Vətəndaş cəmiyyəti olaraq biz sözügedən hadisəni üzə çıxardıq və ictimailəşdirdik. Abşeron rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi də bizlə birgə hərəkətə keçib, hansı qanuni addımlar atmaq lazımdırsa atdı.
​​​​​​​

Əslində Abşeron Rayon İcra Hakimiyyətinin timsalında məsələni ortaya qoyduq. Bu, bir növ icra hakimiyyətlərinə bir nümunə idi ki, sosial təhlükədə olan uşaqlar və ya ahılların ailələrindən necə təcrid olunmasını həyata keçirmək lazımdır”.


QHT rəhbərinin sözlərinə görə bəzi hallarda dövlət qurumları insanların qərəzli yanaşmalarından da ehtiyatlanırlar:

“Bunu danmaq olmaz. 4 baxımsız uşağın məsələsi o qədər ictimailəşdi ki, əslində hər kəs öz payını götürdü. Ümid edirik ki, icra hakimiyyətlərinin də belə məsələlərdə fəaliyyəti qabarıq olacaq və gözləyək”.

Qeyd edək ki, dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan icra hakimiyyətlərinə tabeliyində olan rayonun sosial-iqtisadi inkişafına kifayət qədər vəsait ayrılır. Amma ayrılan milyonlar göyə sovrulur.  

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO