Vaxtilə dövlətə 27 milyon dollara başa gələn və illərdir qarajda çürüyən taksilərin aqibəti ilə bağlı məsələ yenidən aktullaşıb. Söhbət 2011-ci ildə "Magnase Bronze Holdings" şirkətindən satın alınan "London taksiləri"ndən gedir. Bu şirkətlə ümumilikdə 1000 ədəd taksi üçün müqavilə imzalanıb və bu müqavilənin dəyəri o zamankı məzənnə ilə 27 milyon dollar olub. Rəngi qırmızı olan bu taksiləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC şirkəti alıb. Yəni, vaxtilə Nəqliyyat naziri olmuş Ziya Məmmədovun rəhbərliyi altında alınan bu taksilər 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana gətirilib.
Maraqlısı isə budur ki, illər keçsə də, milyonlar hesabına alınan taksilər istifadəyə buraxılmayıb. 2016-2017-ci illərdən etibarən taksi parkında, konkret desək, Lökbatan qəsəbəsindəki qarajda baxımsız və yararsız halda toplanaraq tamamilə yararsız hala düşüb. Üstəlik bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib. Taksilər təkəri boşalmış, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda cürüməkdədir.
Məlumata görə bu avtomobillərin ehtiyat hissələri çox baha olduğundan və ölkəyə çətin idxal edildiyindən mövcud vəziyyət yaranıb. İndi isə yüzlərlə “London TX4” modelli taksilərin məhvetməyə göndəriləcəyi bildirilir.
Bəzi məlumatlara görə sözügedən taksilər istifadəyə yararlı olsa da, hansısa səbəbdən fəaliyyətinə icazə verilmir. Ekspertlər isə bildirir ki, həmin taksilərin istehsal ili bu gün qoyulan tələblərə uyğun gəlmir. Ona görə də onların taksi minik avtomobilləri kimi istismarı yolverilməz və qanuna ziddir.
Bəs, istifadə olunmayacaqdısa, o taksilər niyə “od qiymətinə” alınmışdı?
Düzdür, o vaxt məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev açıqlama verərək, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbatın azaldığını, “London taksiləri”nin də bu səbəbdən qarajlarda qaldığını demişdi.
Amma bu, tutarlı səbəb deyildi və məsələnin əsl kökü illərdir ki, müəmmalı olaraq qalır. Çünki sözügedən taksilər pandemiyaya qədər də xəttə buraxıla bilərdi...
Təsadüfi deyil ki, taksilərin Lökbatan qəsəbəsindəki qaraja toplanmasından iki il sonra, yəni 2018-ci ildə “London Taxi TX4” taksiləri əhəmiyyətsiz nəqliyyat növünə çevrildi. Hətta vəziyyət o yerə çatdı ki, həmin taksilərdə işləmək istəyən sürücülər belə tapılmadı. Bu səbəbdən də biri 35 min dollara alınan bu avtomobillər 15 min manata satışa çıxarılırdı.
COP29 ərəfəsində məsələ yenidən aktullaşıb. İddialara görə “London taksiləri”nin istifadəyə yararlığı yoxlanılacaq və müvafiq tələblərə cavab verildiyi halda beynəlxalq tədbir çərçivəsində şəhərin küçələrinə buraxılacaq. Əks halda isə yer tutmaması üçün məhv ediləcək.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumun mətbuat katibi Tural Orucovun Bizim. Media-ya açıqlamasını təqdim edirik:
“Ölkəmizdə taksi minik avtomobilləri parkının yenilənməsi, elektriklə işləyən, ekoloji cəhətdən təmiz və smart texnologiyaların geniş tətbiq edildiyi taksilərinin istismarı prioritet istiqamət kimi müəyyən edilib.
İstismar müddəti başa çatan taksilərlə bağlı qanunvericiliyin tələblərinə əsasən tədbir görüləcək.
İstismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə cavab verən nəqliyyat vasitələri isə mərhələli şəkildə təmir olunaraq xəttə buraxılır”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 24.10.2024
13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə BURAXILIR? – AÇIQLAMA
Hazırda oxunan: 13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə BURAXILIR? – AÇIQLAMA
Hazırda oxunan: 13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə BURAXILIR? – AÇIQLAMA
217441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.